BAKI, 29 oktyabr. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova Gülüstan sarayında Türkiyə Respublikasının yaranmasının102-ci ildönümünə həsr olunmuş rəsmi tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.

Teleqraf-ın məlumatına görə, S.Qafarova bildirib ki, ölkəmizdə dostluq və qardaşlıq münasibətləri qarşılıqlı şəkildə inkişaf edir və daha da möhkəmlənir:

"44 günlük Vətən müharibəsində Türkiyənin yanımızda olmasını heç vaxt unutmayacağıq. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, Türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynayıb. Şuşa Bəyannaməsi münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb".

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər: "Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir".

Spiker qeyd edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır: "Əminəm ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək".

***

19:43

"Bu gün Cümhuriyyətimizin 102-ci ildönümünü qeyd edirik. Bayramınız mübarək!"

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyənin Respublika Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

"Ölkəmizin xarici siyasətində ilk gündən əsas prinsipi dünyanın bütün xalqları, xüsusən də qonşularımızla sülh şəraitində yaşamaq olub. Atatürkün “Yurdda sülh, dünyada sülh” kəlamı bunu ən yaxşı şəkildə ümumiləşdirir. Türkiyə Cümhuriyyəti tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında son dərəcə bənzərsiz, prinsipial və təsirli bir qlobal aktyora çevrilib" - səfir vurğulayıb.

Birol Akgün bəyan eedib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan, ürəklərə kök salmış bir qardaşlıq münasibəti qurulub:

"Şuşa Bəyannaməsinin verdiyi ruh və qüvvə ilə “Bir millət, iki dövlət” anlayışını daha güclü şəkildə yaşadırıq. Türkiyə, can Azərbaycanın beynəlxalq platformalarda ən güclü dəstəkçisi olmağa davam edəcək. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan işğal altındakı Qarabağı azad eləyib, öz suverenliyini tam şəkildə təmin edib.

Bu gün Azərbaycan, meydanda əldə etdiyi qələbələri masada da inamla təmsil edir. Bölgədə daimi sülh və rifah üçün tarixi bir fürsət yaranıb. Bu fürsətin dəyərləndirilməsi halında təkcə bölgə ölkələri deyil, bütün dünya qazanc əldə edəcək. Ən böyük arzumuz bu fürsətin sülhə çevrilməsidir".

***

19:37

Bakıda Gülüstan sarayında Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə rəsmi tədbir keçirilir.

Teleqraf xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, ictimaiyyət və mədəniyyət xadimləri iştirak edirlər.

Tədbir zamanı Azərbaycan və Türkiyə himnləri səsləndirilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs olunub.