BAKI, 20 oktyabr. TELEQRAF

Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Vətən müharibəsinin 24-cü günündə Zəngilan da azadlığına qovuşan şəhərlərdən biri oldu.

Teleqraf xatırladır ki, oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlının işğaldan azad olunduğunu elan etdi.

Həmin gün Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri də erməni işğalçılarından təmizləndi.

Zəngilan rayonu uğrunda döyüşlər nəticəsində ordumuz ümumilikdə Zəngilan şəhəri, rayonun 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.

Tarixin yaddaşı

1993-cü ildə Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Zəngilan əhalisi son anadək vuruşaraq 235 şəhid verib. 1993-cü il oktyabrın 29-da ermənilər tərəfindən işğal olunan Zəngilanın 27 il ərzində bütün infrastrukturu, tarixi və dini memarlıq abidələri dağıdılıb.

Zəngilana qayıdış

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edən Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycanın üçrəngli bayrağını qaldırdı.

2021-ci ilin aprel ayında Zəngilana növbəti səfərində dövlət başçısı rayon sakinləri ilə görüşdü. Eyni zamanda işğaldan azad olunmuş rayonlara Böyük qayıdışın ilk ünvanı olan Ağalı kəndinin təməli qoyuldu. Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "ağıllı kənd" layihəsinin əsasının qoyulması ilə, demək olar ki, keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışına bir addım da yaxınlaşdıq. Prezident bu səfərində həmçinin Zəngilanda Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimlərində iştirak etdi.

Zəngilanın işğaldan azad olunmasının birinci ildönümündə İlham Əliyev yenidən rayona səfər edərək Ağalı kəndində aparılan quruculuq, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləri, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldu. Eyni zamanda "Azərenerji" ASC-nin 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının açılışı baş tutdu və Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimi keçirildi.

Prezident İlham Əliyev həmçinin rayonun ictimaiyyət nümayəndələri ilə də görüşdü.

6974 hərbi qulluqçu təltif edildi

Digər şəhər və kəndlərimizin işğaldan azad olunması kimi, Zəngilanın da qurtuluşu asan olmadı. Rayon uğrunda gedən döyüşlərdə igid, qəhrəman oğullarımızın şücaəti nəticəsində düşmən bu torpaqlardan da qovuldu.

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis edildi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olundu.

Zəngilan Şəhəri Günü

Bu gün tarixi gündür. Zəngilanın azadlığına qovuşduğu, xalqımıza ərməğan olunduğu tarixdir. Artıq zəngilanlılar şəhər gününü yurdlarında qeyd edirlər. Prezident İlham Əliyevin iyul ayında imzaladığı sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günüdür.

Artıq bu gün fəxrlə, qürurla qeyd edirilir. Zəngilan isə sürətlə bərpa olunmaqda, qurulmaqda davam edir.