BAKI, 26 sentyabr. TELEQRAF

"Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı həm əhatə dairəsinin genişliyi, həm də vacib məsələlərin səsləndirilməsi və onların həlli yolu ilə bağlı təkliflərin verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, təkcə Cənubi Qafqazın deyil, bütün beynəlxalq sistemin gələcəyinə təsir edə biləcək tarixi düşüncəni, siyasi baxışı və konkret təşəbbüsləri mükəmməl şəkildə təqdim etdi".

Bu sözləri Teleqraf-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, bu gün bəşəriyyət hərbi münaqişələrin yenidən beynəlxalq siyasətin müəyyənedici amillərinə çevrildiyi bir dövrdə yaşayır: “Bu narahatedici kontekstdə Azərbaycanın təcrübəsi xüsusilə qiymətlidir. Uzun müddət erməni işğalına məruz qalan, etnik təmizləmə siyasətinin qurbanı olan, tarixi əraziləri, qədim dini-mədən-mənəvi abidələri dağıdılan, ekoloji və humanitar fəlakətlərə düçar olan bir ölkənin rəhbəri bu gün dünyaya sülhə necə nail olmaq olar, ədaləti necə bərpa etmək olar, region dövlətlərlə dinc, yanaşı necə yaşamaq olar, beynəlxalq səviyyədə etibarlı tərəfdaşa necə çevrilmək olar- təcrübəsini bölüşdü. Dövlətimizin başçısı bəyan etdi ki, “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

Təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisinin 20 faizi Ermənistanın hərbi işğalı altında qalmış, bir milyona yaxın azərbaycanlı öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmış, kütləvi qovulmağa və etnik təmizləməyə məruz qalmışdı. Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi icra olunmamış, nizamlanmanı asanlaşdırmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu isə sadəcə olaraq status-kvonu və dondurulmuş münaqişəni qoruyub saxlayırdı. Nəhayət, məhz Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə etdi və 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və işğalın sona çatması ilə əlamətdar oldu. Lakin döyüş meydanındakı qələbə tarixin sonu olmadı. Əksinə, ölkə başçımızın qeyd etdiyi kimi, müharibədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərdə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınmasına əsaslanan yeni səhifənin açılmasını təklif etdi. Beş əsas prinsip irəli sürüldü, sülh müqaviləsi danışıqları prosesinə başlandı və sazişi pozmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, xarici təzyiqlərdən məhrum olan ikitərəfli format irəliləyişə imkan verdi. Kulminasiya nöqtəsi 2025-ci ilin avqustunda Vaşinqton sammitində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ağ Evdə sülh sazişini paraflamaları və Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən, xüsusilə qarant qismində ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə birgə bəyannamə imzalandı. Simvolik davamı Bakı və İrəvanın köhnəlmiş və faydasız mexanizm kimi ATƏT-in Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciəti oldu və sentyabrın 1-də Minsk qrupu təşkilatın özü tərəfindən rəsmən ləğv olundu”.

Komitə sədri bildirib ki, bu mənada Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh prosesində dönüş nöqtəsi deyil, həm də Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni səhifənin başlanğıcı oldu: “Dövlət başçısının çıxışında siyasi aspektlə yanaşı, humanitar aspektə də toxunulub. Prezident işğalın törətdiyi dağıntılar barədə ətraflı danışıb: yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, 65 məscid vəhşicəsinə dağıdılıb. Məhz buna görə də “Böyük Qayıdış” proqramı yeni dövrün simvoluna çevrilmişdir – artıq 50 mindən çox insan işğaldan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Bununla belə, ən ciddi təhdidlərdən biri 2020-ci ildən indiyədək 400-dən çox insanın həyatına son qoyan və yaralanan mina təhlükəsi, eləcə də 4000-ə yaxın itkin düşmüş azərbaycanlının faciəli taleyi beynəlxalq diqqət tələb etməkdə davam edir. Bu baxımdan da Prezident İlham Əliyevin çıxışı təkcə regional mesaj kimi deyil, həm də qlobal fəaliyyət planı kimi formalaşıb. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı. Eyni zamanda, Əliyev utopik illüziyalara qarşı xəbərdarlıq edib: yaşıl keçid lazımdır, lakin dünya uzun müddət mədən yanacaqları olmadan edə bilməyəcək və enerji təhlükəsizliyi qlobal sabitliyin təməl daşı olaraq qalır”.

Hicran Hüseynova hesab edir ki, ölkə başçısının BMT tribunasından toxunmuş olduğu ekoloji problemlər olduqca önəmlidir: “Qeyd edilib ki, hələ 2022-ci ildə o, Xəzər dənizində ekoloji vəziyyətin pisləşməsi barədə xəbərdarlıq edib və bu gün vəziyyət kritik həddə çatıb: dəniz sürətlə kiçilir və səbəblər iqlim dəyişikliyi deyil. Gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün Xəzəryanı ölkələrin təcili birgə fəaliyyətinə və beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac var. Ölkəmizin başçısı çıxışında bir daha bəyan edib ki, “biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.

Ümumilikdə isə dövlətimizin başçısının çıxışı Azərbaycanın regionda artan rolunu nümayiş etdirdiyi və enerjidən tutmuş iqlim gündəliyinə qədər qlobal çağırışlara töhfə verən yeni dövrün yol xəritəsi oldu. Bu, müharibəni və ədalətsizliyi yaşamış, lakin ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş, işğal nəticəsində xarabaya çevrilmiş kənd və şəhərlərini böyük əzmlə, fədakarlıqla yenidən dirçəldən, vətəndaşlarını öz tarixi, doğma yurdlarına qaytaran, öz təcrübəsini ümumbəşəri nümunəyə çevirməyi bacaran bir ölkənin çıxışıdır”.