BAKI, 11 avqust. TELEQRAF

"Amerika Birləşmiş Ştatları dünyanın aprıcı və güclü dövlətlərindən biri kimi müxtəlif regionlarda özünə müttəfiq, həmçinin birgə əməkdaşlıq üçün tərəfdaş axtarır. Azərbaycan ABŞ-nin bu istəklərinə demək olar ki, cavab verir".

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Vaşinqtonda Azərbaycan-ABŞ-Ermənistan liderlərinin görüşünü şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan keçmiş sovet respublikalarından biridir və təbii sərvətlərlə zəngindir:

"Ölkəmiz islam dünyasının bir hissəsi olmaqla yanaşı, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanda demokratik inkişaf üçün bütün şərait var. Müstəqil şəkildə daxili və xarici siyasət həyata keçiririk. Güclü ordumuz var. Əsas problemlərdən biri - Qarabağ məsələsini həll etdik. Azərbaycan dünyada böyük nüfuzu olan ölkəyə çevrilib. Bu, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında olub. İndiki halda Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması həm də rəsmi Vaşinqtonun maraqlarına xidmət edir. Donald Trampın Azərbaycanı tərəfdaş kimi seçməsi heç də təsadüf deyil. O, Azərbaycana və onun liderinə olan müsbət münasibəti ortaya qoymuş oldu".

A.Mirzəzadə bildirib ki, Trampın İlham Əliyevi Ağ Evdə qarşılaması, aralarındakı səmimi söhbət çox şeydən xəbər verir:

"Səfər çərçivəsində təkcə Zəngəzur dəhlizi, Azərbaycan - Ermənistan münasibətləri ilə bağlı ciddi qərarlar qəbul edilmədi, eyni zamanda ABŞ - Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair konkret addımlar atıldı. ABŞ-nin "Exxon Mobil" şirkəti ilə SOCAR arasında əməkdaşlıq sazişinin imzalanması da ölkəmizə verilən böyük qiymətin göstəricisidir. Hərbi əməkdaşlığın bərpa edilməsi və "907-ci" düzəlişin qüvvəsinin dayandırılması da bu qəbildən olan əsas məsələlərdəndir. Azərbaycan-ABŞ münasibətləri yüksələn xətlə inkişaf edəcək. Onu da qeyd edim ki, Trampın bir müddət əvvəl Prezident İlham Əliyevin fikirlərini sosial media hesabında paylaşması, müasir ABŞ-nin ölkəmizə olan münasibətinin göstəricisidir".