BAKI, 9 avqust. TELEQRAF
Azərbaycan və ABŞ münasibətləri hər zaman yüksək səviyyədə olub. ABŞ ilə Azərbaycan Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində, enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edib.
Bunu Teleqraf-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, ABŞ və Azərbaycan əlaqələri həmişə strateji müttəfiqlik müstəvisində olub: "Təəssüflə qeyd etmək lazımdır ki, Bayden-Blinken cütlüyü dövründə bu əlaqələrə zərbə vuruldu, xələl gətirildi. Gələcəyə baxarkən keçmişi də unutmamaq lazımdır. Həmin dövrdə bu əlaqələrin pisləşməsi bölgədəki proseslərə öz təsirini göstərdi. Bu gün isə Tramp adminstrasiyası Azərbaycanla əməkdaşlığa önəm verir. Artıq əlaqələrdə yeni bir səhifə açılır. ABŞ Trampın rəhbərliyi ilə bölgəmizə sülh gəlməsinə öz tövhəsini verməyə çalışır".
Ceyhun Məmmədov Vaşinqton görüşünün vacibliyinə də diqqət çəkib: "Bütün dünya tarixi bir görüşə şahidlik etdi. Görüşdə çox mühüm məsələlər ətarfında müzakirələr aparıldı, mühüm sənədlər imzalandı. Azərbaycan və Ermənistan rəhbərliyi Trampın iştirakı ilə sülhə doğru vacib addım atdı. Bu sənəd həm də Zəngəzur dəhlizinin açılması, bölgədə sülhün bərqərar olması baxımından xüsusi önəm daşıyır".
Deputat qeyd edib ki, səfər iki cəhətdən önəmlidir: “Səfər həm Azərbaycanla ABŞ arasında əlaqələrin möhkəmlənməsinə töhvə verəcək, həm də Azərbaycanla Ermənistan arasında uzun illər davam edən müharibənin bitməsinə gətirib çıxaracaq və münasibətlərdə yeni bir mərhələnin açılmasının şahidi olacağıq”.