BAKI, 28 iyul. TELEQRAF
Bu gün Qarabağ və Şərqi Zəngəzur Ermənistanın 30 illik işğalından azad edildikdən sonra öz tarixinin yeni dövrünü yaşayır. Erməni barbarlarının 30 ildə talayıb viran etdiyi tarixi torpaqlarımızda yenidən həyat canlanır. Bu torpaqların əsl sahibləri Qarabağ və Şərqi Zəngəzuru yenidən cənnətə çevirir. İşğaldan azad edildikdən qısa zaman sonra bu bölgədə böyük quruculuq-bərpa işləri həyata keçirilib ki, bu da bölgədə artıq mühüm beynəlxalq tədbirlərin, forumların, iclasların keçirilməsinə zəmin yaradıb. Sözsüz ki, bu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda əldə edilən ən böyük uğurlardan biri hesab edilir.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Azərbaycan dövləti bu gün regional və qlobal çağırışların əsas təşəbbüskarı və icraçısıdır: “İşğaldan azad edilmiş bölgələrimizdə keçirilən mötəbər tədbirlərdə verilən vacib mesajlar da məhz bu reallığı özündə ehtiva edir. Şuşada, Laçından, Xankəndidə, Ağdamda və işğaldan azad edilən digər bölgələrimizdə keçirilən mühüm tədbirlər bunun bariz nümunəsi hesab edilir. Bu xüsusda Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumununun keçirilməsi olduqca önəmli idi. Prezident İlham Əliyevin bu Forumda iştirakı, səsləndirdiyi mesajlar, Ona ünvanlanan suallara tam dolğun və əhatəli şəkildə vermiş olduğu izahlar bölgəmiz və ümumiyyətlə qlobal çağırışlar üçün vacib yol xəritəsidir. Təbii ki, dövlətimizin başçısı bu Forumun Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində keçirilməsinin tarixi əhəmiyyətini xüsusi ilə qeyd edib və buradan səslənən mesajların önəmini diqqətə çatdırıb”.

Deputat bildirib ki, Forumda 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı onun əhatə dairəsini, mahiyyətini bir daha göz önündə canlandırır: “Forumun istiqaməti dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib. Rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunan builki Forumda aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə hədəflənib. Eyni zamanda rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılması da Forumun əsas gündəliyinə daxil idi. Üçüncü dəfədir belə bir mühüm tədbirin işğaldan azad edilmiş torpaqlarda keçirilməsinin tarixi əhəmiyyəti böyükdür”.

Şura sədri artıq Şuşa Media Forumunun ənənəvi xarakter almasından bəhs edib: “Ənənə davam edir və vaxt keçdikcə bu Forumda iştirak edən qonaqların sayı artır. Sözsüz ki, dövlətimizin başçısı da Qlobal Forumda mühüm məsələlərə toxundu. Regional və qlobal miqyasda baş verən hadisələrə dair suallara əhatəli və tam dolğun şəkildə izahlar verən Prezident İlham Əliyev Xankəndidə yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında belə bir vacib tədbirin keçirilməsinin əhəmiyyətini də xüsusi ilə vurğuladı. Azərbaycanın tarixi torpaqlarında belə bir mötəbər Forumun keçirilməsinin əsas məqsədləri sırasında informasiya cəmiyyətinin çağırışlarını müzakirə etmək, qlobal media əməkdaşlığını gücləndirmək və dezinformasiyanın qarşısını almaq üçün ortaq yanaşmalar formalaşdırmaq olduqca önəmlidir. Süni intellektin mediaya təsiri, jurnalistikanın etik standartları, regional və beynəlxalq media əməkdaşlığı kimi aktual mövzular tədbirin əsas gündəliyinə daxil edilən istiqamətlər kimi onun əhatə dairəsinin genişliyini ehtiva etmiş olur”.

Eldar Quliyev vurğulayıb ki, Forumda çıxışında ölkəmizin başçısı Azərbaycan mətbuatının bugünki durumunu yüksək qiymətləndirib: “Təbii ki, artıq Qlobal Media Forumu informasiya məkanında yeni əməkdaşlıq yollarının müəyyənləşdirilməsi və media peşəkarlığının təşviqi baxımından mühüm platforma hesab edilir. Azərbaycan bu Forum vasitəsilə beynəlxalq media dialoqunun inkişafını təşviq edir. Forum həmçinin qlobal informasiya siyasətində yeni güc mərkəzlərinin formalaşmaqda olduğunun nümayişidir. Geosiyasi kontekstdə Forumun Şuşada keçirilməsi ilk növbədə simvolik və strateji əhəmiyyət kəsb edir. Bu mənada Qlobal Media Forumu Azərbaycanın söz və informasiya azadlığı sahəsində regional liderliyini və beynəlxalq media ilə əməkdaşlığa verdiyi önəmi, vacib çağırışların müəllifi olduğunu və onun icrasının ən yüksək səviyyədə təminatını həyata keçirdiyini bir daha nümayiş etdirmiş oldu”.