BAKI, 24 iyul. TELEQRAF
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Prezidentin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Fərmana əsasən, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.