BAKI, 7 iyul. TELEQRAF
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” təlimat təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Ədliyyə Naziri Fərid Əhmədov qərar imzalayıb.
Təlimat Konstitusiyaya, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara, habelə qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb. Təlimat Bələdiyyələrlə iş baş idarəsinin və regional ədliyyə idarələrinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı vəzifələrinin icra qaydalarını müəyyən edir.
İnzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçiriləcək.
Bələdiyyələr Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. Daxil olan bələdiyyə aktı kargüzarlıq xidmətində müvafiq qaydada qeydiyyata alınır və dərkənar qoyulması üçün Baş idarənin və ya İdarənin rəisinə təqdim edilir.
Bələdiyyə aktları Bakı şəhəri üzrə Baş idarəyə, regionlar üzrə isə İdarəyə təqdim edilir. Qanunun 6.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta informasiya sistemində yerləşdirildiyi tarixdən 15 iş günü, əlavə araşdırma tələb olunarsa, 30 iş günü müddətində baxılmasını təmin edir. İcraat zamanı əlavə məlumatların və ya sənədlərin əldə edilməsi tələb edildikdə, inzibati nəzarəti həyata keçirən orqanın həmin müddəti 30 iş günü uzatmaq hüququ vardır.
Baş idarə və ya İdarə tərəfindən icraat yeni qaydada aparılır. Belə ki, bələdiyyə aktının Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara zidd olduğu müəyyən edildikdə, Qanunun 8.4-cü maddəsinə əsasən həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə təklif göndərilərək informasiya sistemində müvafiq aktın qarşısında qeyd edilir.
Təklifdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə məlumat təqdim olunmasının (bələdiyyə aktının surəti əlavə edilməklə) zəruriliyi ilə bağlı məsələlər göstərilməlidir. Bələdiyyə tərəfindən həmin təklifə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir;
göstərilən ziddiyyət müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Qanunun 8.5-ci maddəsinə əsasən Baş idarə və ya İdarə tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 iş günü ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır;
bələdiyyə aktının Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara zidd olduğu müəyyən edilmədikdə və yaxud müəyyən edilmiş ziddiyyət Baş idarənin və ya İdarənin təklifi əsasında bələdiyyə tərəfindən aradan qaldırıldıqda, bu barədə arayış tərtib edilir və Baş idarə və ya İdarə rəhbərliyinin razılığı ilə sənədlər işə tikilir.
İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir.
Qanunun 10.2-ci maddəsinə əsasən təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Baş idarənin və ya İdarənin nümayəndələri bu təklif və tövsiyələrin müzakirəsi zamanı müvafiq bələdiyyə iclasında iştirak edə bilərlər.
Baş idarə hər ilin yekunu üzrə inzibati nəzarətlə bağlı fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə göndərilməsi üçün illik məruzə hazırlayaraq Nazirliyin rəhbərliyinə təqdim edir. 4.3. İllik məruzənin hazırlanması ilə əlaqədar İdarələr inzibati nəzarət üzrə hesabatlarını Baş idarəyə təqdim edirlər. Habelə İdarələr inzibati nəzarətin həyata keçirilməsi və bələdiyyələrlə bağlı digər fəaliyyətləri barədə Baş idarəyə yarımillik və illik hesabatlarını təqdim edirlər.