BAKI, 3 iyul. TELEQRAF

ABŞ-nin Azərbaycandakı səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlo bu həftə Bakıya gələcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

“ABŞ-nin Azərbaycandakı səfirliyi yeni müvəqqəti işlər vəkilimiz Emi Karlonun bu həftə Bakıya gəlməsini məmnuniyyətlə elan edir. Onu Bakıda qarşılamaqdan böyük məmnunluq duyuruq”, - açıqlamada deyilir.

Emi Karlon ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.

E.Karlon 2022-2024-cü illərdə Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya-Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit okean Adaları İdarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. İndoneziya, Avstriya, Rusiya, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.

E.Karlon Oklahoma Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyə başlayıb. 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.