LAÇIN, 2 iyul. TELEQRAF

"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir".

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bununla bağlı BMT Baş katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alisjahbana Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumuna ünvanladığı videomüraciətdə deyib.

O bildirib ki, onlar yerlərdəki vəziyyətlərlə maraqlanır və həlli istiqamətində yollar axtarır:

"Qlobal maliyyələşmə mexanizmi elə tərtib edilməlidir ki, bu, qadınlar üçün əlçatan olsun. Son illərdə qadınların qlobal bazarlara çıxışını təmin etmək üçün 90 milyon vəsait ayırmışıq. Ümid edirəm ki, forum çərçivəsində yeni maliyyə mənbələri müəyyən etmək olar.

Bu il bizim ikinci sessiyamız keçiriləcək və Azərbaycan orada əsas təşkilatçılardandır".

BMT baş katibinin müavini, qurumun Dayanıqlı İnkişaf qrupunun sədri Amina Mohammed isə bildirib ki, BMT çərçivəsində qarşıdakı vaxtlarda qadınlarla bağlı mühüm tədbir keçiriləcək:

"Qadınlar ölkələrinin cəmiyyətində aparıcı qüvvə olmalıdır. Cəmiyyətdə dəyişiklik istəyirsinizsə qadınları təhsilə cəlb etmək lazımdır. Qadınların dayanıqlı inkişafda rolu da artırılmalıdır. BMT çərçivəsində qarşıdakı vaxtda qadınlarla bağlı mühüm tədbir keçiriləcək".