BAKI, 25 iyun. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Fələstin Prezidenti Mahmud Abbasın fərmanına əsasən Varsin Ohannes Vartan Aqabekyan Fələstinin Xarici İşlər və Diaspor üzrə naziri vəzifəsinə təsdiqlənib. O, 2024-cü ildə bu vəzifəyə təyin olunsa da, indi faktiki olaraq hökumətin tərkibinə daxil edilib. Sizcə, "Fələstin məsələsi"ni tez-tez arqument kimi önə çəkənlərin, İsrail-Fələstin münaqişəsini Azərbaycanın xarici siyasətinə qarşı təbliğat alətinə çevirməyə çalışanların buna cavabı necə olacaq?

- Heç bir halda Azərbaycanın həyata keçirdiyi xarici siyasət nədəsə ittiham edilə bilməz. Azərbaycanın xarici siyasəti beynəlxalq normalar və BMT Nizamnaməsi, onun qəbul etdiyi qətnamələr əsasında formalaşıb. Bu siyasət sözsüz ki, ölkəmizin milli maraqlarını özündə ehtiva edir. Azərbaycanın xarici siyasəti bu mənada bütün həssas məsələlərə adekvat və düzgün cavab verir. 12 günlük İsrail-İran müharibəsi ilə bağlı ölkəmizin tutduğu mövqe, atəşkəs elan edildikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı, Fələstin-İsrail münasibətləri ilə tutduğu mövqeyi hər kəsə bəllidir. Bu gün İsrailin və Fələstinin ölkəmizdə diplomatik təmsilçiliyi mövcuddur. Azərbaycan BMT-nin qəbul etdiyi qətnamələr əsasında Fələstin məsələsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarı olduğunu bəyan edib. Ona görə də bizi deyil, bizimlə ünsiyyətdə olan qurumları hansısa məsələlərdə, bu balansı pozmaqda görmək olar. Amma kim hansı hərəkəti edir, kimi vəzifəyə gətirir və başqa mövqe tutursa, bu onların işidir. Azərbaycan öz qonşuları və regiondan uzaq olan ölkələrlə siyasətini elə şəkildə qurur ki, bu, ancaq beynəlxalq standartlar və qanun çərçivəsində təhlil oluna bilər. Ona görə də hansısa məsələdə heç kim, heç cür Azərbaycanı ittiham edə bilməz.

- Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə “Sülh kəsişməsi” iddiasını gündəmə gətirib. Sizcə, Azərbaycanın iştirakı olmadan hansısa regional layihənin reallaşması nə dərəcədə məntiqlidir?

- Əslində Paşinyan tələsməlidir. Çünki Azərbaycanın təklif etdiyi məsələlər təkcə sülh planı deyil. Bu təşəbbüslər Ermənistanın öz tarixində ilk dəfə dövlətçilik ənənələrinin formalaşmasına köməklik edən tövsiyə, fəlsəfə və məsləhətdir. Ermənistan tərəfi nə qədər gec bu çağırışları qəbul edəcəksə, dövlətçiliyi üçün təhlükə qaçılmaz olacaq. Faktiki olaraq, bu gün Ermənistanın baş naziri ATƏT-in Minsk qrupu və ölkə konstitusiyası ilə bağlı məsələləri yubatdıqca artıq ona qarşı dövlət çevrilişi səviyyəsində ittihamlar başlayır. Ermənistanda hakimiyyətə qarşı olan qüvvələr oyanır, revanşistlər fəallaşır. Bu da təbiidir. Çünki prosesi uzatmaq onlar üçün əlavə çətinliklər yaradacaq. Beləliklə, vaxt məhdudlaşır. Ona görə də qısa zaman kəsiyində məsələlər dəyişməlidir. Bütün bunlar isə Ermənistanın bir dövləti kimi xilası ilə bağlıdır.

- Son zamanlar rəsmi İrəvan Ankara ilə diplomatik təmasları bir qədər artırmağa çalışır. Ermənistanın Türkiyə ilə bağlı bu qədər həvəsli davranışları nə ilə bağlıdır?

- Əslində bu cür təmaslar nə qədər çox olsa region üçün faydalı olar. Türkiyənin Azərbaycanla bağlı mövqeyi hamı üçün aydındır. İki qardaş ölkə arasına heç kim girə bilməz. Kimlərinsə tərəfindən Ermənistanın və başqalarının bu təşəbbüsləri araya girmək kimi təqdim olunması da doğru deyil. Çünki indi bütün kartlar açıqdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadan Türkiyə ilə Ermənistan arasında heç bir məsələ öz həllini tapmayacaq. Bu mənada Ermənistanın taleyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından və regionun aparıcı dövləti olan Türkiyə ilə münasibətləri bərpa etməsindən asılıdır.