BAKI, 9 iyun. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri fonunda Rusiyanın Ermənistanla bağlı planlarının olduğu açıqlanmışdı. Çünki bu səfərin ardınca Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri də diqqətdən yayınmadı. Bəzi ekspertlər bunu Rusiya-Ukrayna müharibəsi ilə paralel Kremlin İrəvanı da öz kurasiyasında saxlamaq iddiası kimi şərh edir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında Moskvanın tərəf olmaq istəyi, onun xəbəri olmadan hansısa razılaşmaya imza atılmamasının mesajını verməyə çalışdığı da qeyd olunur.

Movzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Rusiyanın Ermənistana artan marağının səbəblərini müəyyən etməyin çətin olduğunu deyib.

Onun fikrincə, Moskvanın İrəvanla bağlı müəyyən maraqları var: “Bu maraqların təmin edilməsi üçün belə səfərlər reallaşdırılır. Amma bunun indiki konkret situasiyada niyə həyata keçirildiyini söyləmək çətindir. Hər halda görünən odur ki, belə bir zərurət yaranıb”.

Komitə sədrinin görə, Rusiyanın hansısa bir layihəsi var ki, bunu Ermənistanla bağlı razılaşmadan keçirməlidir: “Bu kimi məsələlər burada öz təsirini göstərə bilər”.

Milli Məclisin deputatı Rasim Musabəyov da Kremlin son zamanlar İrəvana artan marağına diqqət çəkib.

O hesab edir ki, Rusiya Ermənistanı öz orbitində saxlamaq niyyətindədir: “Sadəcə olaraq, Rusiyanın indiki halda resursları məhduddur. Çünki Moskvanın başı Ukraynaya qarışıb. Amma buna baxmayaraq, Ermənistanda gələn il keçiriləcək parlament seçkilərində Rusiya erməni müxalifətini Baş nazir Nikol Paşinyana qarşı qoymasa, yenə də mövqeyi zəifləyəcək. Bununla yanaşı, onlar Ermənistanın nəzarətdən çıxmasından narahatdır. Amma buna rəğmən gələn ilki seçkilərdən Paşinyanın qalib çıxmaq imkanlarını nəzərə alırlar. Bu baxımdan onu da tam şəkildə əldə saxlamaq istəyirlər. Lavrov İrəvana gələndə də özünü diplomat kimi yox, Kremlin təbliğatçısı kimi aparırdı. Hətta Paşinyana qarşı mövqedən çıxış edirdi. Açıq şəkildə demişdi ki, “Ermənistanın məğlubiyyəti Moskvanın tövsiyələrinə qulaq asmamaqla bağlıdır”.

Rasim Musabəyova görə, Lavrovun ardınca Matviyenkonu İrəvana ona görə göndərmişdilər ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın ipini çəksin: “Erməni kilsəsi ilə baş nazir arasında olan qalmaqal da bu ssenarinin tərkib hissəsidir. Paşinyan da dəqiq bilir ki, Moskvadan erməni kilsəsinə təlimat verilib. Həmin təlimata əsasən, erməni müxalifətinin birliyini məhz kilsə həyata keçirəcək. Ermənistanın sabiq prezidentləri, hərbi canilər olan Robert Köçəryan və Serj Sarkisyanın erməni cəmiyyətində nüfuzu bir-iki faiz səviyyəsindədir. Ona görə də kilsəni açıq şəkildə Paşinyana qarşı çıxış etməyə səsləyirlər”.

Politoloq Fərhad Mehdiyev isə Rusiyanın Ermənistana artan diqqətinin başqa amillərlə bağlı olduğunu söyləyib.

Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanla Ermənistanın onun xəbəri olmadan necə razılaşdığı narahatlığını yaşayır: “Səfərlərin səbəbləri hər halda bundan ibarətdir”.