BAKI, 30 May.TELEQRAF

"Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan siyasət aparır. Həyata keçirilən uğurlu xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu baxımdan, Azərbaycanla ABŞ arasındakı münasibətlərdəki dinamika xüsusi vurğulanmalıdır".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ayrı-ayrı dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər: “Müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatlarına da Azərbaycanın bu mövqeyi yaxşı məlumdur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ABŞ ilə çoxşaxəli əlaqələr qurub. Azərbaycan ABŞ-in beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, həmçinin ABŞ-in beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq onunla birlikdə dünyanın müxtəlif münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Eyni zamanda, enerji sahəsində də vacib əməkdaşlıq mövcuddur. Lakin sabiq ABŞ prezidenti Cozef Bayden Administrasiyasının hakimiyyəti dövründə münasibətlərimizdə müəyyən soyuqluq yaranmışdı. Belə ki, Ermənistana havadarlıq edən və Azərbaycana müxtəlif bəhanələrlə təzyiqlər göstərən Bayden Administrasiyası, əslində, rəsmi Vaşinqtonun regiondakı maraqlarına ciddi zərbə vurmuş oldu”.

O qeyd edib ki, artıq bu il yanvarın 20-də yenidən ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayan Donald Tramp Administrasiyasının özündən əvvəlki hakimiyyətin səhvlərini aradan qaldırır: “Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Prezident İlham Əliyev də yanvarın 21-də D.Trampa ünvanladığı təbrik məktubunda nikbin mövqe ifadə edərək vurğulamışdır ki: “Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlarla fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”.

Sevinc Fətəliyeva hesab edir ki, artıq rəsmi Vaşinqtonun Azərbaycanla münasibətlərdə qarşılıqlı-faydalı əməkdaşlıq bərpa olunur: “ABŞ Prezidenti Donald Trampın 28 May Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub bunun bariz nümunəsidir. Məktubda bildirilir ki, "Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk". Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Məktubda qeyd olunur ki, "30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək". Vaşinqton, həm də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesi diqqət mərkəzində saxlayır. Bunu danışıqlar prosesinə olan maraq da təsdiqləyir. Donald Tramp öz məktubunda bildirir ki, "ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır". Bu mənada Donald Trampın məktubu Azərbaycan-ABŞ münasibətlərinə verilən önəmin ifadəsi kimi qiymətləndirilir. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etməsi yeni perspektivlər vəd edir”.