BAKI, 26 may. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra Ermənistanda revanşistlərin fəallığı müşahidə edilir. Hərbi canilər olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan artıq gələn il parlament seçkilərinə vahid namizədlə iştiraka razılıq veriblər. S.Sarkisyan iddia edib ki, R.Köçəryan ölkəni hazırkı Baş nazir Nikol Paşinyandan pis idarə etməyəcək. Eyni zamanda onlar hakimiyyətə gələnə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqsa, onun necə ləğvi ilə bağlı da məsələyə baxacaqlarını iddia edir.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə məsələnin gizlin tərəflərinə diqqət çəkib.

Deputat keçmiş prezidentlər olan Köçəryan-Sarkisyan cütlüyünün Rusiya hərbi kəşfiyyatının agenti olduğunu deyib: “Onlar Azərbaycan xalqına qarşı hərbi cinayət törədiblər. Özlərini beynəlxalq məhkəmələrdən qorumaq üçün yenidən hakimiyyətə gəlmək haqqında düşünürlər. Sözsüz ki, Lavrovla onların xüsusi münasibətləri var və indi hər şey öz-özünə ifşa olunur. Amma bütün bunlara baxmayaraq, Ermənistan üçün yeganə çıxış yolu Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymaqdan ibarətdir. Bunun əksinə baş verənlər ermənilər üçün yeni faciələrə səbəb olacaq”.

Asim Mollazadə hesab edir ki, Rusiyanın bölgəyə müdaxiləsi yenidən gərginlik yarada bilər: “İrəvanın hərbi müttəfiqləri Rusiya və İrandır. İndi onlar bölgədə vəziyyəti ələ almaq üçün mübarizə aparır. Amma Moskva və Tehranın Azərbaycana qarşı təxribatlarını həyata keçirmək imkanları çox zəifdir. Bakının güclü müttəfiqləri var. Qardaş Türkiyə ilə Azərbaycan bölgədə sabitliyin qorunmasında maraqlıdır və buna da nail olacaq. “Qarabağ Azərbaycandır” və bu dönməz bir prosesdir. Yenidən kiminsə bu “kartı” istifadə etmək imkanları yoxdur. Sadəcə olaraq, Rusiya və İran Ermənistanın Qərbə meyllənməsindən qorxuya düşüblər ki, burada təsir imkanlarına itirə bilərlər. Olacaq təxribatlar isə Ermənistan daxilində baş verəcək. Azərbaycan üçün burada hər hansı bir təhdid ola bilməz”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, Rusiya Cənubi Qafqazla bağlı indiyə kimi bir qədər ehtiyatlı hərəkət edirdi.

O, Kreml tərəfindən son zamanlar əndazəni aşan hərəkətlər etdiyini söyləyib: “Lavrovun İrəvan səfəri, özü ilə bərabər Ermənistan üçün xeyli miqdarda sənaye avadanlıqları aparması heç də təsadüfi deyildi. Görünür ki, Rusiya mümkün qədər Ermənistanı yenidən ələ almaqda israrlıdır. Rusiyadakı erməni diasporu da bu məsələdə bir qədər fəallıq edir. Onlar da iddia edirlər ki, bizim yeganə müdafiəçimiz ruslardır”.

Qabil Hüseynli Ermənistanda Lavrovun səfəri zamanı Rusiya əleyhinə olan aksiyaların heç də təsadüfi olmadığını bildirib: “Kremlin baş diplomatını Zvartnost hava limanında “xain ruslar geriyə, evinizə dönün” şüarları ilə qarşılamışdılar. Bu isə erməni cəmiyyətində hələ də Rusiya əleyhinə yanaşmaların dəyişmədiyini göstərir. 44 günlük müharibədəki məğlubiyyətlərinin səbəbini ruslarda axtaran ermənilər yenidən onlarla bir cəbhədə olmayacaqlarını deyirlər”.