
BAKI, 21 may. TELEQRAF
Politoloq Fərhad Mehdiyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fərhad bəy, üç ildən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ilə bağlı yanaşmalar bimənalı deyil. Bunu Kremlin demarşı kimi də şərh edənlər var. Ukrayna mövzusu ətrafında beynəlxalq gərginlik mövcud ikən Moskvanın baş diplomatını İrəvana göndərməsinə səbəb nədir?
- Əslində, indi Rusiya-Ermənistan münasibətlərində artan dinamika müşahidə edilir. Baş nazir Nikol Paşinyanın Moskvada 9 may paradında iştirakı da bunu təsdiqləyir. Bu səfərdə də formal olaraq müəyyən ifadələr işlədilib, digər tərəfdən Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “Moskva-İrəvan münasibətlərinə ABŞ-nin Ermənistandakı səfirliyi mənfi təsir göstərməsin” deyə açıqlamalar verib. Zaxarova hətta Ermənistandakı ABŞ səfirliyinin 2 minə yaxın işçinin saxlanılmasına da Kremlin müsbət yanaşmadığını deyib. Bu, o deməkdir ki, Ermənistan yenidən Rusiya üçün prioritet mövzular arasına daxil olur. Sanki Rusiya Ermənistanın təkrar yadına salır ki, münasibətlərin daha da korlanmasına gətirib çıxaracaq addımlar atmasın.
- Ermənistandakı rus hərbi bazasının çıxarılması bu günlərdə daha çox müzakirə olunurdu. Lavrovun səfərinin bununla əlaqəsi ola bilərmi?
- Ola bilsin ki, bu səfərdə həmin məsələ reallığa yaxındırsa, onun da qarşısı alınsın. Əslində, Rusiya ilə Ermənistan arasında əldə olunan razılaşmaya əsasən, hərbi bazanın çıxarılmasını müzakirə etmək olar. Bununla bağlı hər iki tərəfdən olan komissiya müzakirə apara bilər. Çünki həmin razılaşma elə əsasa malik deyil ki, o, 2044-cü ilə qədər, yəni, hərbi bazanın o müddətə qədər qalmasını təmin etsin.
- ABŞ-nin Ermənistanda hərbi kontigentinin tərkibinin genişlənməsi Rusiya üçün hansı narahatlıqlar yaradır?
- Sözsüz ki, bu amil indi Rusiya üçün narahatedici faktlardan biridir. Çünki bu faktlar rus hərbi bazasının oradakı fəaliyyətini sual atlına sala biləcək mahiyyət yaradır. Lavrovun səfərində də bu məsələlərin ətraflı müzakirə edildiyini ehtimal etmək olar. Hər halda Rusiya indiki şəraitdə Ermənistanla münasibətlərin korlanmasını istəmir. Ona görə də münasibətləri təkrar bərpa etməyə çalışır.
- Ermənistanda hakimiyyət dəyişikliyi Rusiya üçün indi nə dərəcədə aktualdır?
- Kreml üçün bu hər zaman aktual məsələlərdən biridir. Sadəcə, Moskva buna şəraitin nə vaxt imkan verəcəyini gözləyir. Onlar ya Paşinyan komandası ilə münasibətləri sıxlaşdıracaqlar, ya da onu hakimiyyətdən salmağa çalışacaqlar. Paşinyan hökumətini sarsıtmaqla Rusiya buna nail olmaq istəyir. Sanki indi onlar Paşinyanla birlikdə işləməyi öyrənmək istəyirlər.
- Bir müdət öncə Paşinyanın impiçmenti məsələsi qaldırılmışdı. O, bütün bunları qabaqlayıb erkən seçki qərarı verə bilərmi?
- Ermənistanda erkən seçki qərarının verilməsi ehtimalı böyükdür. Paşinyanın da belə bir qərar verməsi mümkündür. Bu daha çox ölkədə yaranmış ictimai rəydən asılıdır. Əslində, ona erkən seçki daha çox lazımdır. Hətta bununla referendum üçün yoxlama aparmış olar. Əgər Paşinyan seçkilərdə səs çoxluğu əldə etsə, yəqin edəcək ki, konstitusiya dəyişikliyi ilə bağlı da refendumda uğur qazanacaq. Azərbaycanla sülh razılaşması üçün də onların buna ehtiyacı var.