
BAKI, 20 may. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsi çərçivəsində baş tutan tədbirdə çıxış edib.
Teleqraf xəbər verir ki, tədbirdə hər üç ölkənin iqtidar partiyaları - YAP, AKP və UBP-nin gənclər təşkilatları təmsil olunub.
Türkiyə, Azərbaycan və Şimali Kiprdən yüzlərlə gəncin iştirak etdiyi tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel gənclərin bir araya gəlməsini əhəmiyyətli hesab etdiyini vurğulayıb: "Artıq bu salonlarda yalnız düşüncələr deyil, ortaq bir gələcək qurulur. Türkiyə, Azərbaycan və ŞKTC-nin gəncləri birlikdə düşünür, birlikdə yol gedir. Can Azərbaycanla qardaşlığımız rəsmi şəkil alır”.
Baş nazir Üstel Türkiyə ilə olan qırılmaz qardaşlıq bağlarına Azərbaycanın da qatıldığını vurğulayaraq 2023-cü ildə imzalanan üçtərəfli protokolu xatırladıb:
“AK Parti, Yeni Azərbaycan Partiyası və Ulusal Birlik Partiyası əl sıxdı. Bu, yalnız siyasi əməkdaşlıq deyil, millətin taleyini formalaşdıracaq gənclərə uzanan könül körpüsüdür.”
Ü.Üstel ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmasının sıradan diplomatik hadisə olmadığını bildirərək, bu addımı “əsrlərlə unudulan bağların dirçəlişi” kimi dəyərləndirib: “Bu dirçəliş ana vətən Türkiyənin rəhbərliyi ilə baş tutdu. İndi isə bu yolda Azərbaycan da bizimlədir".
Baş nazir Türk dünyası gəncliyinin ortaq dil, mədəniyyət və məqsədlər ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
Baş nazir Azərbaycanın Qarabağdakı mübarizəsini nümunə göstərib: “Kiprdə də eyni ruhdur. Kıbrıs Türk xalqı illərlə haqsız təcridlərə qarşı dirəndi, köçməyə məcbur edildi, amma təslim olmadı. Qarabağ kimi, Anadolu kimi…”
Ünal Üstel BMT-də ŞKTC-nin tanınması ilə bağlı çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və bu çağırışı dəstəkləyən Prezident İlham Əliyevə təşəkkür edib: “Bu gün bu kürsüdə danışa biliriksə, bu, Ərdoğanın cəsarətli çağırışı və Əliyevin dəstəyinin sayəsindədir. Hər iki liderə könüldən salam olsun.”
Düşərgə çərçivəsində Yeni Azərbaycan Partiyası, AK Parti və Ulusal Birlik Partiyası gənclər təşkilatlarının nümayəndələri 8 mövzuda dəyirmi masa müzakirələri aparır. Mövzulara ortaq media layihələri, startap və texnologiya əməkdaşlıqları, ortaq mədəni tədbirlər, təhsil və könüllülük proqramları daxildir.