TBİLİSİ, 10 may. TELEQRAF

Gürcüstanın Marneuli Mədəniyyət Evində “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev - 102 il” adlı tədbir keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Marneuli meri Kənan Ömərov, yerli icra hakimiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasındakı, Gürcüstanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindəki müstəsna xidmətlərindən söz açıblar. Natiqlər qeyd ediblər ki, Gürcüstandakı soydaşlarımız Ulu Öndərin xatirəsini daim əziz tuturlar, onun qayğısını hər zaman minnətdarlıq hissi ilə xatırlayırlar.

Daha sonra tədbirin bədii hissəsi təqdim olunub. "Buta" ansamblının üzvləri tədbir iştirakçılarına Azərbaycan və gürcü milli rəqslərini nümayiş etdiriblər, istedadlı gənc müğənni Şaban Məmmədov, vokalçı İamze Jakeli hər iki dildə mahnılarla çıxış ediblər.

Tədbirdə, həmçinin müxtəlif sahələrdə gənclərin inkişafına verdikləri töhfələrə görə bir qup soydaşımız təltif olunub.

***

10:33

Gürcüstanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik, hərbi attaşe aparatı və “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin, azərbaycanlı icmanın üzvləri, gənclər Tbilisidəki Heydər Əliyev adına parkda Ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri və əklillər düzüblər.

Parkda Heydər Əliyevə aid fotoşəkillər sərgilənib.

Tədbirdə Tbilisinin 64 və 73 saylı azərbaycandilli məktəblərinin şagirdləri də iştirak ediblər.

Bu gün Ulu öndərin xatirəsi Rustavi şəhərindəki abidəsi önündə də yad ediləcək. Daha sonra Marneuli Mədəniyyət Evində səfirliyin dəstəyi, İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev - 102 il” adlı tədbir keçiriləcək.