BAKI, 1 may. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrailə tətbiq etdiyi məhdudiyyətlərin hüquqi nəticələrini qiymətləndirən Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) məşvərətçi rəy dinləmələrinin üçüncü günündə Türkiyə vəsatətlə çıxış edib.
Teleqraf "Haber7"yə istinadən xəbər verir ki, məhkəmədə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib.
O, çıxışında İsrailin beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini vurğulayaraq, Qəzzanın hələ də mühasirədə saxlanıldığını bildirib.
Dinləmələr beş gün sonra Niderlandın inzibati paytaxtı Haaqadakı Sülh Sarayında yekunlaşacaq. Dinləmələrin üçüncü günündə Türkiyə ABŞ, Rusiya, Fransa, Macarıstan və İndoneziyadan sonra günorta iclasında təqdimatlarla çıxış edib.

Haaqada davam edən dinləmələrdə 39 dövlət və 4 beynəlxalq təşkilat İsrailin hərəkətlərinə münasibət bildirəcəklər.
Türkiyə adından BƏM-də vəsatətlə çıxış edən N.Yılmaz xatırladıb ki, Haaqa məhkəməsi 19 iyul 2024-cü ildə məşvərət rəyində İsrailin fələstinlilərə qarşı işğal və zülm siyasəti həyata keçirdiyini hüquqi cəhətdən təsdiqləyib.
"Qəzzada dinc sakinlərə qarşı misli görünməmiş müharibə aparılır. İsrailin təcavüzü İordan çayının qərb sahilinə və qonşu ölkələrə, xüsusilə Livan və Suriyaya yayılır. İsrailin 15 yanvar 2025-ci ildə razılaşdırılmış atəşkəsə əməl etmir. İordan çayının qərb sahilindəki düşərgələrə hücumlarından sonra 50 min insan didərgin düşüb. İsrail Müdafiə Nazirliyi bu insanların geri dönməsinə icazə verilməyəcəyini bəyan edib", deyən Yılmaz qeyd edib ki, İsrailin Qəzzaya yardımların çatdırılmasına tətbiq etdiyi məhdudiyyətlər uşaqlar üçün ölümcül nəticələrə səbəb olur.

Türkiyənin İsrailin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini israrla yerinə yetirməməsindən dərin narahat olduğunu vurğulayan Yılmaz bunları qeyd edib:
“Türkiyə məhkəmədən İsrailin beynəlxalq hüquq çərçivəsində öhdəliklərini təsdiqləyən və BMT-nin, digər beynəlxalq təşkilatların və üçüncü dövlətlərin işğal olunmuş Fələstin ərazisində mövcudluğuna və fəaliyyətinə hörmət edilməsinin vacibliyini vurğulayan məsləhət xarakterli rəy verməsini hörmətlə xahiş edir. Türkiyə İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq iki dövlətli həllə əsaslanan ədalətli qərarı dəstəkləməyə davam edəcək. İsrailin BMT üzvü olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. BMT-nin Qəzzada fəaliyyətinin qadağan edilməsi müvəqqəti tədbirlərin pozulmasıdır".
Türkiyə nümayəndəsi Beynəlxalq Ədalət Məhkəməsindən İsrailin Qəzzadakı fəaliyyətinə obyektiv qiymət verməsini və uyğun qərarlar verməsini xahiş edib.
