BAKI, 25 aprel. TELEQRAF

Qüdsdə Pasxa bayramını qeyd edən erməni keşişlər təxribata əl atıblar. Müqəddəs Məqbərə Kilsəsində ləğv edilmiş separatçı rejimin bayrağının qaldırılması erməni kilsəsinin, siyasi ambissiyalardan hələ də əl çəkmədiyini göstərir.

Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O, erməni kilsəsinin hər zaman olduğu kimi, yeni müharibə və qarşıdurmalara meyl etdiyini söyləyib: “Fakt bu gün kilsə erməni xalqını revanşizmə çağırır. Məqsəd iki xalq arasında düşmənçiliyi körükləməkdən ibarətdir. Sülh prosesinin aktiv şəkildə təbil olunduğu dövrdə erməni kilsəsini “missiyası”nı icra etməyə çalışır”.

Komitə üzvü qeyd edib ki, kilsə Ermənistanı yenidən Azərbaycana qarşı işğalçı siyasətə sürükləməyə can atır: “Bu qəbuledilməz haldır. Azərbaycan tərəfi sözsüz ki, özünə qarşı olan bu cür ciddi təxribatlara səssiz qala bilməz. Baş verənlər diqqətdə saxlanılır. Kilsənin növbəti cəhdi erməni tərfinin təxribatının mahiyyətini nümayiş etdirir”.

Bakı Dövlət Universitetinin böyük elmi işçisi, Alban-Udi Xristian İcmasının sədri Robert Mobili xristianlıqda müharibəyə çağırışın, siyasi proseslərə müdaxilənin olmadığını deyib.

İcma sədri hesab edir ki, Qüdsdəki təxribatın mahiyyəti tamam fərqlidir: “Orada hər il müqəddəs alov götürülərkən müəyyən qarşıdurmalar baş verir. Erməni və yunan din xadimləri ilə hər dəfə gərginlik yaşanır. Bu dəfə erməni keşişləri fərqli bir “format” seçmişdilər. Ləğv edilmiş qondarma rejimin bayrağının xrisitan din xadimləri tərəfindən qaldırılması cəhdi növbəti oyunun göstəricisidir. Din adından istifadə edərək siyasi proseslərə mümkün qədər müdaxilə niyyətləri var”.

Robert Mobili qeyd edib ki, Azərbaycanla Ermənistan arasında gözlənilən sülh prosesini erməni kilsəsinin əli ilə pozmağa çalışırlar: “Separatizm və siyasi proseslərə dinin müdaxilə etməsi arzuolunmaz haldır. Hadisə baş verən vaxt biz içəridə olmuşuq. Amma sonradan bu təxribatın qarşısı alındı. Vatikanda da onlar müəyyən təxribatlara əl atırdılar. Çünki onlar məhz kiləsinin əli ilə Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etmək istəyirlər. İddia edirlər ki, Qarabağda ermənilərə aid hansısa mədəni “irs”ə sahib çıxmaq lazımdır. Biraz da irəli gedərək o torpaqlara dair iddialar da səsləndirirlər. Sözsüz ki, bu növbəti siyasi oyundur və bunu erməni diasporu tək Qüdsdə, Vatikanda deyil, digər tədbirlərdə də təbliğ edirlər. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın həqiqətlərinin çatdırılması istiqamətində qarşya qoyulan bütün məsələlər ardıcıllıqla öz həllini tapır”.