BAKI, 23 aprel. TELEQRAF
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Oğuz şəhərində yerləşən “Cümə” məscidini, “Yuxarı məhəllə” sinaqoqunu və Müqəddəs Yelisey adına Kala (Böyük) Alban Kilsəsini ziyarət edib.
Teleqraf xəbər verir ki, din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirən Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Ramin Məmmədov dövlət başçısının rəhbərliyi ilə dini ibadət yerlərinin bərpası, yenidən qurulması istiqamətində mühüm addımların atıldığını qeyd edib.
Bildirib ki, Azərbaycan dövləti bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradır, dini etiqad azadlığının və multikultural dəyərlərin qorunmasına xüsusi önəm verir.
Komitə sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər. R.Məmmədov dinin insanların mənəvi ehtiyaclarını ödəmək üçün mövcud olan dəyərlər sistemi kimi təqdim edilməsində din xadimlərinin xüsusi rola malik olduğunu vurğulayıb.
Müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini bildirən din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini icmalara göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.
_1024x683.jpg)


