BAKI, 19 aprel. TELEQRAF

Bu gün Ədalət Partiyasının Ali Məclisinin iclası keçirildi. İclas Bakıda yerləşən təşkilat sədrlərinin iştirakı, bölgələrdəki nümayəndələrin isə onlayn platforma üzərindən qatılması ilə reallaşıb.

Bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

Sədr müavini bildirib ki, ali məclisin qərarı ilə mayın 17-də partiyanın qurultayının keçirilməsi haqqında qərar verildi: “Ədalət partiyasının ali məclisinin 71 üzvü var. Onların mütləq əksəriyyəti bu iclasda iştirak etdi. Amma iclas böyük narazılıq və narahatlıq fonunda baş tutdu. Çünki ali məclisin sədri Meydan Babayev partiyanın əsas girişinin kilidini gecə ikən dəyişdirtdiyinə görə, iclası təşkilatın foyesində ayaqüstə keçirməli olduq. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət hazırlayırıq. Meydan Babayev hələ də bizə partiyanın ofisinə girməyə imkan yaratmır”.

Mütəllim Rəhimli partiyada bir qrup şəxsin belə addım atmasının heç də parçalanmaya yol açmayacağını söyləyib: “Bu parçalanma yox, partiyadan qopmalarla müşahidə edilə bilər. Çünki qarşı tərəf artıq heç bir şeyə gücü çatmadığına görə, qeyri-qanuni hərəkətlərə yol verir. Onların atdıqları son addımlar partiya üzvlərinə böyük hörmətsizlik idi”.