BAKI, 9 aprel. TELEQRAF

"Ermənistanın şərti sərhəddə hərbi təxribatları səngimir. Ötən gün də saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Amma bu hərbi təxribatların nədən qaynaqlanması hələ də açıq qalır".

Bu sözləri Teleqraf-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov şərti sərhəddə baş verən hərbi təxribatlarla bağlı mövzunu şərh edərkən deyib.

Polkovnik Azərbaycan Ordusuna qarşı Ermənistan silahlı qüvvələrinin üç saat ərzində döyüş aparmaq imkanlarının məhdud olduğunu bildirib: “Görünür, erməni tərəfi fasilərlə Azərbaycan Ordusunun bölmələrinə atıcı silahlardan atəş açmaqla diqqəti yayındırmağa çalışır. Təbii ki, qarşı tərəf hər bir təxribata cavab alır. Eyni zamanda bu ay ərzində erməni tərəfinin müxtəlif istiqamətlərdə hərbi təxribatlara əl atması da istisna edilmir. Bir çox hallarda Ermənistan ordusu daxilində olan “5-ci kolon"un əli ilə bu təxribatların törədildiyi iddia edilir”.

Ekspert Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən erməni tərəfinin təxribat törətdiyi istiqamətlərə adekvat tədbirlər gördüyünü və cavab atəşləri açıldığını bildirib: “Təxribatlar iki ölkə arasında sülh müqaviləsinin imzalanana qədər davam edəcəyi ehtimal edilir. Sülh mətni üzərində tərəflər razılığa gəlsə də, Ermənistan konstitusiyası və ATƏT-in Minsk Qrupu ilə bağlı İrəvanın birmənalı addım atmayacağı təqdirdə razılaşmanın olması ehtimalı azdır”.

Üzeyir Cəfərov əlavə edib ki, bütün proseslər Azərbaycan tərəfindən diqqətlə izlənilir: “Şənbə günü Azərbaycanın Müdafiə naziri tərəfindən verilən göstərişlər də bunu təsdiq edir. Azərbaycan Silahlı qüvvələrinin şəxsi heyətinin təhlükəsizliyi ilə yanaşı, Ermənistan tərəfinin təxribatlarının hansı istiqamətdən olmasına baxmayaraq, cavab verilməsi ilə bağlı tapşırıqlar verilib”.