BAKI, 8 aprel. TELEQRAF

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Robert Köçəryan və Serj Sarkisyanı Bakıdakı separatçıların taleyi gözləyir. Hətta onlar ölkəmizə ekstradisiya da oluna bilərlər".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

O bildirib ki, hazırda iki ölkə arasında sülhün əldə edilməsinə mane olmaq istəyən qüvvələr var:

"Həmin qüvvələr Ermənistan müxalifəti və onların havadarlarıdırlar. Sülh müqaviləsindən sonra hər iki ölkə bir-birilərinə qarşı müəyyən öhdəliklər götürəcəklər. Ancaq bunların olması üçün əsas şərtlərimiz yerinə yetirilməli, yəni Ermənistan konstitutsiyası dəyişdirilməli və ATƏT-in Minsk Qrupunun buraxılmasına dair birgə bəyanat olmalıdır. Bəzən Cənubi Qafqazda Rusiyanı sülh istəməyən qüvvə kimi təqdim edirlər. Qeyd edirlər ki, rəsmi Moskva regionda lazımsız qüvvədir. Belə bir təsüvvür yaratmaq istəyirlər ki, Rusiya Ermənistanı qoruya bilmir və ona görə də Aİ, həmçinin NATO öz qüvvələrini sözügedən ölkənin ərazisində yerləşdirməlidir. Hətta bununla bağlı xarici mediada müzakirələr də aparılmışdı".

Komitə sədrinin sözlərinə görə, regionda münaqişə ocağı yaranarsa, bu, dünya ölkələrinə də ciddi şəkildə təsir edəcək:

"Zəngəzur dəhlizi məsələsində Azərbaycana təzyiq edən qüvvələr var. Guya iddia edirlər ki, ölkəmiz sözügedən əraziyə hərbi birləşmə yeridə bilər. Dəhliz açılmalıdır. Bu, birmənalıdır. Ancaq məsələ bir dövlətin istəməsi və ya istəməməsi ilə bağlı deyil. Burada böyük güclərin də istəyi vacibdir. Dediyim kimi, apardığımız siyasətin nəticəsini görəcəyik. Bu, Avropadan Çinə gedən yoldur. İran da başa düşür ki, dəhliz açılacaq. Həmçinin beynəlxalq təşkilatlar da bir şeyi anlamalıdırlar: regionda yeni müharibə ocağı yaranarsa, bunun qarşısını almaq çox çətin olacaq. Bu, dünya ölkələri üçün də ciddi problemlərə yol aça bilər. Sözügedən məsələləri nəzərə alıb Ermənistana ciddi təzyiqlər olmalıdır".