
BAKI, 27 fevral. TELEQRAF
"44 günlük Vətən Müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanat imzalanıb. Hazırda Azərbaycan regionda daimi sülhün formalaşması üçün Zəngəzur dəhlizinin açılmasını və Ermənistanın konstitusiyasında dəyişiklik aparmasını təklif edir".
Bu sözləri Teleqraf-a Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım deyib.
Qrup rəhbəri hesab edir ki, Ermənistan konstitusiyasında başqa ölkənin torpağına, yəni Azərbaycana qarşı ərazi iddialarının olması fonunda sülhə nail olmaq mümkün deyil: “Azərbaycan haqlı olaraq bu müddəaların ləğvini tələb edir. Ermənistan konstitusiyasında Türkiyənin 7 bölgəsinə də iddiaları var. Bu iddialar onların “Böyük Ermənistan” xəyalı ilə bağlıdır. Məqsədləri qondarma erməni soyqırımını dünyaya tanıdıb, dividendlər əldə etməkdir. Ermənistan konstitusiyasında, gerbində Türkiyənin Ağrı dağının simvolu əks olunub.
Bu baxımdan Azərbaycanın Ermənistandan konstitusiyanı dəyişmək tələbi tamamilə haqlıdır. Azərbaycan Rusiya, Fransa və Amerikanın təmsil oldunğu ATƏT-in Minsk Qrupunun da ləğvini istəyir. Sözsüz ki, bu məsələlər həllini tapmamış bölgədə sülhə nail olmaq çətindir. Daimi sülh olmadan ədaləti təmin etmək mümkün deyil”.
Şamil Ayrım tarixi ata-baba torparlarından - indiki Ermənistan ərazisindən 300 min qərbi azərbaycanlının zorla deportasiyasına da münasibət bildirib: “Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin olunmalıdır. Azərbaycan bu məsələdə beynəlxalq qanunlara əsaslanaraq addımlar atır. Ermənistan isə bu tələbləri icra etmək əvəzinə silahlanır. Fransa və Hindistan kimi ölkələr Ermənistanı silahlandırmağa çalışır. Amma unudurlar ki, qalib Azərbaycanın durumu 30 il əvvəki səviyyədə deyil. Azərbaycanın güclü ordusu, Türkiyə kimi müttəfiqi var.
Bölgə dövlətləri də daimi sülhün əldə olunmasında maraqlı olmalıdır. Regionda daimi sülhün formalaşması üçün bölgədəki altı dövlətin - Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın birgə fəaliyyəti lazımdır.
Azərbaycan və Türkiyə bölgədə daimi sülhün bərqərar olmasında maraqlıdır. Regiona kənar müdaxilələrə imkan vermək olmaz. Azərbaycanın haqlı mübarizəsi danışıqlar masasında həll edilməlidir”.