
BAKI, 26 fevral. TELEQRAF
"Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Xocalı şəhərində böyük bir soyqırımı baş verdi. Soyqırımı zamanı 613 nəfər azərbaycanlı - onların içində uşaqlar, qadınlar, qocalar da var idi - dəhşətli işgəncəyə məruz qalaraq qətlə yetirildilər".
Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım Xocalı soyqırımı haqqında danışarkən deyib.
"Azərbaycan 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatında torpaqlarını xilas etdi. Bu, bir növ şəhidlərimizin rahat uyumasına səbəb olur, amma bizim hədəfimiz soyqırımı törədən insanların bu gün sərbəst gəzib dolaşmamasıdır. Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımı üçün Ermənistanın yaxasından yapışması lazımdır.
Biz ona görə də hər zaman Xocalıya ədalət deyirik. Bu soyqırımı unutmayacağıq, unutdurmayacağıq və unutmamalıyıq!", - deyə Şamil Ayrım bildirib.