Gözlənildiyi kimi üçtərəfli görüşdə Ermənistan tərəfi bundan əvvəlki görüşlərdən fərqli olaraq əsas diskurs mövzusunu müzakirə etməkdənsə, diqqəti Laçın yoluna cəlb etməyə cəhd göstərib. Lakin Azərbaycan Moskvada baş tutan XİN rəhbərləri arasında dialoq zamanı mühüm məqsədinə çatıb. Daha dəqiq desək Ermənistan, Rusiya və Azərbaycan XİN başçıları məhz Qarabağın Azərbaycan ərazisi olduğunu və orada yaşayan ermənilərin gələcək hüquqlarının məhz respublikamızın qanunları çərçivəsində həll olacağı barədə razılığa gəliblər. Ermənistan öhdəlik götürüb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, dialoq zamanı tərəflər məhz Ermənistan hökumətinin separatçılara Bakı ilə dialoqa başlamaq üçün təsir etməyin lazımlılığı barədə razılığa gəliblər:

“Bu isə o deməkdir ki, məhz Paşinyan Xankəndidə oturan, dialoqdan imtina edən separatçıları Azərbaycan hökuməti ilə dialoqa razı salmalıdır. Bundan başqa, hər iki tərəfin - azərbaycanlıların və ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi qabardılıb. Bu, qaçqın düşmüş azərbaycanlıların qayıdışının bizim tərəfimizdən növbəti dəfə diskursa çıxardılması deməkdir. Azərbaycan tərəfi bir daha qeyd edib ki, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini konstitusiyaya uyğun reallaşdıracaq və heç bir əlavə hüquq mexanizmlərindən söhbət getmir”.

Politoloq hesab edir ki, rəsmi Bakı bir daha Laçında keçid-sərhəd məntəqəsinin legitim əsaslarla fəaliyyət göstərdiyini və Qarabağdan erməni terrorçularının çıxarılmasının zəruriliyini qabardıb:

“Azərbaycanın əsas tələbi sülh müqaviləsinin mətnində konkret Qarabağın ərazimiz olmasının həkk edilməsi idi. Digər mövzular fikir yayındırır və ikinci dərəcəlidir. Rəsmi Bakının bu və bundan əvvəlki görüşlərdə əldə etdiyi üstünlük ondan xəbər verir ki, sülh prosesinə xələl gətirən separatçıların və onların hərbi-terrorçu birləşmələrinin beynəlxalq hüquqa zidd addımları qarşısında Azərbaycanın manevr imkanları genişlənir. Bütün bunlar onu deməyə əsas verir ki, Bakı real nəticələr tələb edir. Müxtəlif tərəflərin prosesin 2025-ci ilə qədər uzatmaq cəhdləri isə region üçün mümkün eskalasiya deməkdir”.