BAKI, 19 aprel. TELEQRAF

ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların növbəti raundu gələn həftə cümə gününədək baş tuta bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalına Pakistandakı təhlükəsizlik mənbələri məlumat verib.

Adının açıqlanmasını istəməyən mənbələr bu ehtimalın bir neçə mühüm amilə əsaslandığını bildiriblər.

Məlumata görə, ABŞ-a məxsus iki "C-17 Globemaster" ağır hərbi-nəqliyyat təyyarəsi artıq Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Ravalpindi şəhərində yerləşən "Nur Xan" aviabazasına eniş edib. Bununla yanaşı, hava limanından İslamabadın "Qırmızı zona"sına (hökumət binalarının və səfirliklərin yerləşdiyi ərazi) gedən yolların müvəqqəti bağlanması paytaxtda təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə çatdırıldığını göstərir.

Təhlükəsizlik orqanlarındakı mənbələr həmçinin qeyd ediblər ki, İslamabaddakı məşhur "Serena" və "Marriott" otelləri hazırda qonaqlardan boşaldılır. Bildirilir ki, gələn cümə gününə qədər bu otellərdə yeni yer sifarişlərinə icazə verilmir.

Xatırladaq ki, "Serena" oteli aprelin 11-də ABŞ və İran arasında keçirilən danışıqların ilk raunduna ev sahibliyi etmişdi. Hazırkı hazırlıqlar tərəflərin yaxın günlərdə yenidən masa arxasına əyləşəcəyinə dair ehtimalları gücləndirir.