Avropa ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətini enerji sahəsi təşkil edir. Bu mənada Avropa Azərbaycana məhz enerji bazarında oynadığı təsirli rola görə təşəkkür edir. 2016-cı ildən başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni bir müstəviyə qalxması istiqamətində danışıqlar gedir. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni bir sənədin imzalanması məsələsi də aktuallıq kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, bu əlaqələri şərtləndirən başlıca məqam Azərbaycanın malik olduğu hərtərəfli böyük potensialdır: “Müsair mərhələdə Avropanı ən çox narahat edən enerji məsələsidir. Avropa ölkələri tək indi yox, uzun müddətdir ki, enerji mənbələrinin diversifikasiyasında maraqlıdır. Təbii ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünəməxsus rolu var. Xüsusi ilə də Cənub Qaz Dəhlizi layihəsi artıq öz bəhrəsini verməyə başladıqdan sonra Avropanın təbii qaz bazarında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb”.

Deputat hesab edir ki, Cənub Qaz Dəhlizi gələcəkdə ötürücülük imkanlarını daha da genişləndirəcək: “Bu baxımdan indiki şərtlər daxilində Avropa Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda çox maraqlıdır. Azərbaycan Prezidentinin Avropaya, Brüsselə səfərləri zamanı da məhz ölkəmizlə digər əməkdaşlıq sahələri ilə yanaşı ayrıca enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı maraqlar aydın ifadə olunub. Ona görə də, Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərində də Avropa ölkəmizlə enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Avropanın bu gün Azərbaycanın karbohidrogen ehtiyyatlarına şox böyük ehtiyacları var”.

Elşad Mirbəşiroğluna görə, Avropanın indiki çətin dövründə Azərbaycan bu qitə üçün xilasedici kəmər rolunda çıxış edə bilər: Azərbaycan da Avropa İttifaqı arasında əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ölkəmizin ən böyük ticarət tərəfdaşı ümumilikdə Avropa İttifaqıdır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycana təkcə ona lazım olduğu hallarda deyil, istənilən tarixi dövrdə və şərtlər daxilində ölkəmizin haqlı, ədalətli mövqelərini dəstəkləsin”.