2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu dövrdə əldə olunan nəticələri müsbət qiymətləndirdi. Açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat qeyd edib ki, müşavirədə ölkəmizin xarici siyasəti, beynəlxalq əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində olub:

“Prezident ölkəmizin bu sahədə uğurlarını xüsusi vurğuladı. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi səmərəli fəaliyyəti, təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının önəmi qeyd edildi. Bundan başqa, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın 80-dən çox ölkəsinə yardım göstərib. Eyni zamanda, türk dövlətləri, qonşu ölkələrlə əlaqələrin daha da gücləndirilməsi diqqət mərkəzində olub. Həmçinin, Avropa İttifaqı ilə əməkdaşlığın önəmi vurğulanıb”.

Millət vəkili müşavirədə dövlətimizin başçısı post-müharibə dövründə baş verən proseslərə münasibət bildirdiyini söyləyib:

“Ölkə başçısı Ermənistanın 10 noyabr razılaşmalarına əməl etmədiyini deyib. Belə ki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. Halbuki, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistanın da borcudur ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.

Sevinc Fətəliyeva Ermənistan hakimiyyət nümayəndələrinin son zamanlar Qarabağın “statusu” haqqında da tez-tez səslənən fikirlərə də münasibət bildirib: “10 noyabr razılaşmasında “statusla” bağlı heç bir müddəa yoxdur. Prezident İlham Əliyev “statusun” ünvanını dəqiq göstərib. Ona görəd də, erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün pozitiv addımlar atmalıdır. Əks halda, qeyri konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq.