İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri uğurla icra edilir. 30 ilə yaxın erməni barbarlığının hökm sürdüyü, xarabaya saldığı ərazilərimizdə yenidən canlanma yaranır. Dövlətimizin işğaldan azad edilən ərazilərdə gördüyü işlər dünyanın diqqət mərkəzindədir. Artıq yeni bir reallıq formalaşıb. Bu yeni tarixi reallığın müəllifi isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi strategiyadır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində aparıcı beynəlxalq təşkilatlar Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edir: “Ölkəmizin post-müharibə dövrü ilə bağlı atdığı addımlar müsbət nəticələrlə müşahidə olunur. 2022-ci ilin 3 ayında Azərbaycanın yüksək sosial-iqtisadi göstəricilərinin olması buna əyani misaldır. Bütün bu uğurlara isə həyata keçirilmiş islahatların nəticəsində nail olunub”.

Millət vəkili hesab edir ki, bu gün işğaldan azad edilmiş bölgələrimizdə mühüm obyektlər, zəruri infrastrukturun yaranması ilə yanaşı ərazilərin potensial turizm imkanları da qiymətləndirilir: “Bu mənada Şuşanın bərpası, Naftalan və Suqovuşanın turizm potensialı xüsusi ilə diqqəti çəkir. İcra edilən yol-nəqliyyat layihələri, hava limanları, suvarma və içməli su layihələri, enerji təminatı və digər məsələlər Qarabağın yeni simasının formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bu layihələri isə ölkəmiz təkbaşına icra edir. Müharibədən ilyarım keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik təşkilatları Azərbaycana heç bir yardım göstərmir. Amma bu təşkilatlar ərazilərimizin qısa zamanda bərpası işində bizə dəstək olmalı idi. Faktiki olaraq miqyaslı dağıntılardan sonra donor konfranslarının keçirilməsi, beynəlxalq təşkilatların bərpa planlarının icrası praktikasının olması mümkün görünürdü. Bununla bağlı İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası planı var. Məhz bu konteksdə Azərbaycana münasibətdə ikili standartlar növbəti dəfə özünü biruzə verir”.

Aqil Məmmədova görə, bu cür ikili yanaşmalar ərazilərin minalardan təmizlənməsi məsələsində də özünü açıq şəkildə göstərdi: “Dünyada çoxlu sayda ərazilərin minadan təmizləmə təşkilatlarının olmasına baxmayaraq, onların Azərbaycana yardım göstərməməsi məhz ikili yanaşmaların bariz nümunəsidir. Bütün bunlara baxmayaraq Azərbaycan öz gücünə bütün müasir texnikaları əldə edərək ərazilərimizin minalardan təmizlənməsi prosesini uğurla icra edir. Eyni zamanda dünya ölkələrinin ədalətsiz mövqeyi bir həftə qazsız qalmış Xankəndi ilə bağlı beynəlxalq səviyyədə yaşanan isterikada da özünü göstərdi. 15 il qazsız qalmış Naxçıvanla bağlı səsini çıxarmayan beynəlxalq birlik bu gün Xankəndi ilə bağlı məsələlərə dərhal reaksiya verməsi təəcüb doğurur. Bu təşkilatlar və beynəlxalq birliklərin məqsədi mümkün qədər Azərbaycanın uğurlarına maneə olmaqdan ibarətdir”.