Müstəqilliyimzin ilk illərində gənclərimiz dini təhsil almaq üçün xarici ölkələrə üz tuturdu. Bir çox ölkələr və mərkəzlər isə dini təhsil adı altında gənclərin imkanlarından yararlanaraq öz məkirli, zərərli ideologiyalarını aşılamağa çalışırdı. Nəticədə bir çox gənclərimiz yanlış ideoloji təsirlərin altına düşürdü. Bu cür hallar milli maraqlarımızı, təhlükəsizliyimizi ciddi şəkildə təhdid edən amillərin ortaya çıxmasına səbəb olurdu. Azərbaycan vətəndaşlarının bu cür mənfi təsirlər altında müxtəlif ölkələrdə, o cümlədən Suriyada qanunsuz hərbi birləşmələrə qoşulması faktlarına rast gəlinirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, bu mənada Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə İlahiyyat İnstitutunun yaradılması mühüm əhəmiyyətə malikdir:
“Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından bu vacib addım idi. Bu amil həmçinin milli təhlükəsizliyin vacib elementi kimi də xarakterizə edilir. Çünki ifrat xürafata varma, dini ayinləri dərk etmədən, imitasiya və görüntü naminə kor-koranə icraetmə ekstremist meyillərin güclənməsinə gətirib çıxarır. Bunun mənfi tendensiyaları zaman-zaman özünü açıq şəkildə göstərib. Bütün bunların fonunda dini-mənəvi təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycanın dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir”.
Millət vəkili hesab edir ki, Ulu öndər Heydər Əliyevin siyasi irsini və əsasını qoyduğu ənənələrin davam etdirilməsi daim diqqət mərkəzindədir:
“Son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası üçün mühüm addımlar atılıb. Artıq Azərbaycanın İslam sivilzasiyasının əsas mərkəzlərindən birinə çevrilib. Ölkəmizin müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Konfransının fəal üzvü olması dini təhsilin dövlət nəzarətində və elmi əsaslarla aparılmasını zəruri edib”.
Cavid Osmanov bildirib ki, son illər Qərb dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressiv yanaşma var: “Milli, dini ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda bu hallar özünü daha açıq şəkildə göstərir. Bütün bunların fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühiti mövcuddur. Ölkəmiz mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib”.