Dünyada baş verən kataklizmlər əslində bütün regionlar üçün təhlükə yaradır. Hazırkı mürəkkəb geosiyasi şəraitdə xüsusilə güc amilinin önə çıxdığı bir vaxtda mövcud risklərdən qorunmaq dövlətlərin əsas prioritetidir. Faktiki bu reallıqlar fonunda hər bir dövlətin qarşısında yeni çağırışlar durur. Azərbaycanın da Cənubi Qafqaz regionun lider ölkəsi kimi bu çağırışlarla bağlı öz yanaşması var. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, güc amili ön plana çıxıb və biz buna hazır olmalıyıq. Yəni, bu, bizim seçimimiz deyil. Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edib”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, 30 illik işğal dövründə də rəsmi Bakı sona qədər beynəlxalq hüququn norma və prinsiplərinə sadiq oldu: “44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğladan azad edəndə də beynəlxalq hüquqa uyğun addım atdı. BMT Nizamnaməsinin heç bir müddəasını pozmadı. Yəni, dünya nizamının pozulması fonunda müşahidə olunan ədalət böhranı ilə Azərbaycan da uzun illər üz-üzə qaldı. Amma ədaləti özümüz bərpa etdik. Burada təbii ki, Azərbaycanın bu illər ərzində beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutması, sözünün sahibi olması, Prezident İlham Əliyevin də söylədiyi kimi "Bizim sözümüz imzamızdır”, - yanaşması mühüm rol oynadı. Azərbaycanın heç bir bloklarda yer almaması, eyni zamanda müstəqil siyasət yeridərək regional və qlobal miqyasda gücə çevrilməsi mövcud kataklizmlərdən qorunmağa imkan verir”.

Millət vəkilinə görə, bu gün sivilizasiyalıarın toqquşduğu bir zamanda Azərbaycan sivilizasiyaların dialoqunu yaradır: “Ölkəmiz qütblərarası çəkişmələr dərinləşdiyi bir vaxtda bütün qütblərlə bərabərhüquqlu münasibətlər qurur. Ən əsası, rəsmi Bakının verdiyi qərarlar çevik olmaqla yanaşı, həm də balanslı və milli maraqlara cavab verən qərarlardır. Regionda baş verən siyasi-hərbi böhranları təhlil etdikdə görürük ki, heç də bütün dövlətlər bu prinsipləri sona qədər müdafiə edə bilmir. Ali Baş Komandan İlham Əliyev hər zaman bəyan edir ki, biz öz gücümüzə güvənməliyik, daha güclü olmalıyıq. İqtisadiyyatı gücləndirməliyik ki, heç kimdən asılı olmayaq. Yəni, Azərbaycan həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan güclənərək heç kimdən asılı olmayan bir gücə çevrilib. Azərbaycanı mümkün risklərdən qoruyan əsas faktorlardan biri də vaxtında düzgün qərar vermək bacarığıdır. Vətən müharibəsilə bağlı da Prezident İlham Əliyevin söylədiyi kimi, bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec, hər şey vaxtında olmalıdır. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, diplomatik məharət və düzgün idarəetmə bacarığı tələb edir. Bu baxımdan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi fərqlənən Azərbaycan öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirməyə hazırdır”.