“İran son hərəkətləri ilə Azərbaycanla olan münasibətləri heçə endirdi, tamamilə korladı. İran mənasız, qeyri-real ambisiyaları ilə sübut etdi ki, o, tərəfsiz, beynəlxalq hüququn tələb etdiyi prinsiplərə riayət edə biləcək dövlət deyil. Onun davranışlarında da bu, özünü göstərir və bir çox dövlətlər onu terroru dəstəkləyən ölkə kimi tanıyır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
“3+3” platformasının perspektivini şərh edən Qabil Hüseynli qeyd edib ki, İran bu cür basqıcı mövqe, böhtan və iftiralarla dolu yanaşma ilə çıxış edirsə, bizim onunla necə əməkdaşlıq etməyimiz mümkünsüz görünür: “Azərbaycana qarşı tamamilə subyektiv münasibət göstərən İranla ümumi platformaya necə daxil ola bilərik? İran artıq bizim əleyhimizə olan qüvvədir, eyni zamanda bizə münasibətdə qeyri-obyektiv, ermənilərin xeyrinə mövqe sərgiləyir. Bu da Azərbaycan tərəfindən platforma formalaşarkən etirazlara səbəb ola bilər”.
Politoloq qeyd edib ki, altılıq platformasının bir tərəfində də Gürcüstan dayanır və yəqin o da məsələyə isti yanaşmayacaq: “Çünki Rusiya ilə münasibətləri qaydasında deyil. Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərinə vasitəçilik etmək fikrində olsa da platformaya daxil olmaq istəməz. Prezident İlham Əliyev bu platformanın tərəflərini çox yaxşı müəyyənləşdirib. Altılıq deyil, dördlük platformasını nəzərdə tutmaq olar. Platformaya Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan daxil ola bilər.
Qabil Hüseynli onu da qeyd edib ki, bölgədə münasibətləri qaydaya salmaq üçün imperialist ədaları ilə davranmağa ehtiyac yoxdur: “İran nə regional, nə də fövqəl gücdür, başını güclə saxlayır, öz vətəndaşlarının vaksinasiyasını başa çatdıra bilməyib, sanksiyalar belini qırıb, ağır iqtisadi durumdadır, beynəlxalq münasibətlərdə münsif kimi çıxış edə bilməz”.