Ermənistan özünəməxsus siyasətindən və əməllərdən əl çəkmək istəmir. Çünki ermənilərin heç vaxt sözü ilə əməli üst-üstə düşməyib. Bu, onların xarakterindən doğan bir məsələdir. Ermənilərin milli-mentaliteti, etnik xüsusiyyətləri pozuculuğa, təfriqəyə xidmət edir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyil.

O qeyd edib ki, Azərbaycan hər zaman özünün ehtiyat tədbirlərini qorumalıdır: “Ermənistana istiqamətlənmiş “yol xəritəsi” davam etdirilməli, mümkün təzyiqlər ardıcıl xarakter almalıdır: “Ölkə rəhbəri səviyyəsində məhz bu siyasət həyata keçirilir. Bu, Azərbaycan siyasəti üçün də ənənəvi xarakter daşımalıdır. Cəmiyyət olaraq biz də ölkə başçısının Ermənistana qarşı müəyyənləşmiş qətiyyətli mövqeyinə adekvat olmalıyıq. Fəaliyyətimizi də məhz bu istiqamətdə qurmalıyıq. Erməni riyakarlığını sona qədər ifşa etmək üçün mühüm imkanlardan yararlanmalıyıq”.

Millət vəkili hesab edir ki, bu gün Ermənistan Rusiyanın Qafqazda rolunu etiraf etsə də, digər tərəfdən isə bəyanatlarında, fikirlərində təxribatçı ritorikadan imtina etmir: “Ermənistan siyasi rəhbərliyi tərəfindən Qarabağ probleminin həll olunmaması, “status” kimi sərsəm fikirlər də vaxtaşırı gündəmə gətirilir. Bir müddət öncə də Azərbaycan ərazisində qanunsuz erməni silahlılarının təxribatları buna açıq misaldır. Ona görə də, erməni tərəfinin sözlərinə deyil real yanaşmalarına qiymət verilməlidir. Proseslərin inkişafını da onların davranışlarına uyğun qurmalıyıq”.

Fəzail Ağamalı erməni tərəfinin minalanmış ərazilərin xəritələrinin təqdim edilməsində olan riyakarlığı da yaddan çıxmayıb: “Məlum olub ki, Azərbaycan tərəfində təqdim edilmiş xəritələrin doğruluğu 25 faiz həcmindədir. Bu da Ermənistanın rəsmi səviyyədə olan yalanını, riyakarlığını bir daha bütün dünyaya nümayiş etdirmiş oldu”.