Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 60 illiyi ilə bağlı Yüksək Səviyyəli toplantıda Prezident İlham Əliyev giriş nitqində mühüm məqamlara toxunub. Artıq Qoşulmama Hərəkatı dünyada baş verən mühüm proseslərə təsir etmək gücünə malikdir. Azərbaycanın təşkilata sədrliyi dövründə onun nüfuzlu bir platformaya çevrildiyi də məlumdur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, dövlət başçısı Hərəkatın toplantısındakı çıxışında beynəlxalq aləmdə baş verən hadisələrə düzgün qiymət verib: “Toplantıda Azərbaycanla bağlı mühüm məqamlara toxunulub. Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığı, bölgədə yeni bir reallıq yarandığı ifadə olunub. Vurğulanıb ki, Azərbaycanı Vətən müharibəsində BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, Qoşulmama Hərəkatında təmsil olunan yeddi ölkə açıq şəkildə dəstəkləyib. Bu yanaşma vacib amil kimi toplantı iştirakçılarının diqqətinə çatdırılıb”.
Millət vəkili hesab edir ki, Azərbaycanın sədrliyi dövründə Hərəkatın nüfuzu daha da güclənib: “Buna məntiqli cavab kimi Azərbaycanın Hərəkata sədrliyinin bir il daha artırılması ilə bağlı verilən qərarı göstərmək olar. Çünki bu təşkilat Azərbaycanın sədrliyi ilə BMT-dən sonra dünyanın ikinci nüfuzlu təşkilatı imicini daha da möhkəmləndirib”.
Vüqar İskəndərova görə, Hərəkata üzv ölkələr arasındakı münasibətlərin formalaşdırılması, təşkilatın daha çevik bir beynəlxalq platformaya çevrilməsi üçün mühüm addımlar atılır: “Bununla bağlı Azərbaycan Prezidentinin təklifləri, fikirləri yüksək səviyyədə qiymətləndirilir. Bu təşkilata Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatanın tarixində onun güclü, çevik beynəlxalq bir platformaya çevrilməsini şərtləndirəcək”.