Massaçusets Texnoloji İnstitutunun fəxri professoru, süni intellekt sahəsində ilk tədqiqatçı Marvin Minski 88 yaşında vəfat edib.

M.Minski bir neçə nüfuzlu mükafata, o cümlədən 1969-cu ildə kompüter elmləri sahəsində Tyurinq mükafatına layiq görülüb. Onun 2006-cı ildə buraxılan son "Emosional kompüter" kitabı hiss edə və fikirləşə bilən kompüterlərə həsr edilib.

Harvard Universitetini bitirən ABŞ alimi İkinci Dünya müharibəsi illərində Hərbi Dəniz Donanmasında xidmət edib və 1954-cü ildə ilk "SNARC" neyroşəbəkəsini yaratdığı Priston Universitetində riyaziyyat üzrə namizədlik dərəcəsi alıb.

Sonra M.Minski Massaçusets Texnoloji İnstitutunda dərs deməyə başlayıb və 1958-ci ildə süni intellekt laboratoriyasının təsis edilməsində iştirak edib. O, laboratoriyada kompüterlərdə insanların qavrama və idrak qabiliyyətlərinin yaradılması ilə məşğul olub.1985-ci ildə daşınan qurğular, toxunuş interfeysləri, affekt hesablamalar sahəsində tədqiqatlar aparan "MIT Media Lab" laboratoriyasının həmtəsisçisi kimi çıxış edən alim yaxın vaxtlaradək institutda müəllimlik fəaliyyətini davam etdirib.