“Adidas” şirkəti Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasına (İAAF) sponsorluq sazişinin qüvvədən düşdüyünü bildirib. BBC xəbər verir ki, İAAF-ın ən iri tərəfdaşlarından birini belə bir addım atmağa vadar edən dopinq qalmaqalı olub.
Təsdiq edilməmiş məlumatlara görə, “Adidas”ın bu qərarı assosiasiyaya on milyonlarla dollar zərər vuracaq. BBC-dəki mənbələr qeyd edirlər ki, şirkət belə bir qərar qəbul edilə biləcəyi barədə İAAF-a hələ noyabr ayında, rusiyalı idmançılar arasında “dövlət tərəfindən sponsorluq edilən” dopinq əhvalatı başlanan vaxt xəbərdarlıq etmişdi.
Belə bir fərziyyə də var ki, “Adidas” ilə İAAF arasında əməkdaşlığın üstündən qələm çəkən Dünya Antidopinq Agentliyinin (WADA) yanvarın əvvəlində dərc edilmiş yeni məruzəsi olub. Həmin məruzədə qeyd edilirdi ki, İAAF-da korrupsiya baş alıb gedir və bu işlərə Assosiasiyanın əvvəlki prezidenti Lamin Diak başçılıq edir.
“Adidas” şirkətində hesab edirlər ki, İAAF-ın fəaliyyəti barədə təfsilatların açıqlanması saziş şərtlərinə ziddir. Lakin istisna olunmur ki, assosiasiya öz keçmiş tərəfdaşlarının qərarından məhkəməyə iddia verəcək. Hər halda, “Adidas”ın vəkilləri bunu etməyə hazırlaşırlar.
Xatırladaq ki, WADA İAAF-ın bəzi ölkələrə, o cümlədən Rusiyaya münasibətdə yetərincə sərt mövqe tutmadığını bildirib. Üstəlik, ekspertlər iddia edirdilər ki, İAAF Şurasının yüngül atletikada dopinq tətbiq edilməsi hallarından xəbəri olmaya bilməzdi. Agentliyin hesabatında qeyd edilirdi ki, korrupsiya İAAF-ın fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
WADA-nın keçmiş prezidenti kanadalı Riçard Paundun sədrlik etdiyi müstəqil komissiya öz məruzəsinin birinci hissəsini 2015-ci il noyabrın 9-da təqdim edib. Təhqiqatın nəticələri dərc ediləndən az sonra Rusiya Yüngül Atletika Federasiyaları Assosiasiyası (RYAFA) İAAF-ın tərkibindən çıxarılıb, Rusiya Antidopinq Agentliyinin (RUSADA) fəaliyyəti dayandırlıb, onun rəhbərliyi istefaya göndərilib, Moskvadakı Antidopinq Mərkəzi və oradakı laboratoriya fəaliyyət göstərmək hüququndan məhrum edilib.