Bir neçə gün əvvəl Xocavənddəki hərbi xəstəxana bağlanıb və işçilərə heç bir izahat verilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Metakse Akopyan bildirib.
“Uzun müddətdir ki, hərbi qüvvələrin zabitləri və daha aşağı rütbələr arasında böyük ixtisarlar başlayıb, indi bu proses tibb müəssisələrinə keçib. Xankəndi xəstəxanasında da eyni vəziyyət hökm sürür. Xəstəxanada ixtisarlar aparılır və artıq aşkar formada hiss olunur ki, belə bir proses var, xəstələrin sayını da azaldıblar. Demilitarizasiya apardıqları göz qabağındadır”, - deputat bildirib.
Beləliklə, Akopyan Ermənistan rəhbərliyinin əmri ilə Qarabağın dağlıq hissəsindəki separatçı ordunun ləğvi və ya silahsızlaşdırılması prosesinin başladığını deyib.
“Güman edirəm ki, bu, güclü təzyiq nəticəsində baş verir, Paşinyanın dediyi kimi, beynəlxalq ictimaiyyət təzyiq edir. Onu sıxışdırırlar, o da yerli hakimiyyət orqanlarını sıxışdırır, yerli hakimiyyət də ondan tələb olunanları edir. Güman edirəm ki, bu, Paşinyanın tapşırığı ilə başa gəlir, ona bununla bağlı Azərbaycan və beynəlxalq ictimaiyyət tərəfindən göstəriş verilib”, - Akopyan vurğulayıb.