"Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti - ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Ölkəmiz uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulub".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, uşaq hüquqlarının müxtəlif aspektlərini özündə əks etdirən qanunlar qəbul edib: "Həmçinin, milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Bütün bu proseslərin fonunda, 28 il bundan əvvəl qəbul olunan “Uşaq hüquqları haqqında” qanun məntiqi olaraq, yenidən nəzərdən keçirilməli idi. Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən uşaqların hüquqlarının daha effektiv müdafiəsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı sərəncam imzalanıb. Bu sənəd, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində reallaşdırılır. Yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd mövcud qanunvericiliyin müasir çağırışları nəzərə almaqla təkmilləşdirilməsi, uşaqların üstün mənafelərinin qorunması, sosial təminat və beynəlxalq konvensiyalara uyğunlaşma.
Biz bunu qanun layihəsinin həcmindən də müəyyən edə bilərik. Belə ki, mövcud qanun layihəsi 5 fəsil və 45 maddədən ibarətdir. Yeni layihədə isə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub.
Mövcud qanundan fərqli olaraq, təqdim olunan layihə isə, yalnız hüquqları bəyan etmir, onların reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Bu baxımdan yeni layihə funksional və icraedici normativ akt xarakteri daşıyır".
Deputat qeyd edib ki, yeni layihədə ilk dəfə anlayışlar sistemi formalaşdırılır: "11 əsas anlayış ayrıca maddədə hüquqi təriflərlə təsbit edilib. Bu, hüquq tətbiqetmə zamanı boşluqlarının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təqdim olunan qanun layihəsində uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir. Belə ki, hazırkı qanunda bu prinsip mövcud olsa da, onun tətbiqi qaydaları müəyyən edilməmişdir. Yeni layihədə isə uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Uşağa aid qərar qəbul edilməzdən əvvəl: araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Bu, beynəlxalq hüquqda qəbul edilmiş “uşağın üstün marağı ” prinsipinin milli qanunvericilikdə tam tətbiqini təmin edir.
Xüsusi olaraq qeyd edim ki, yeni Qanun layihəsində isə zorakılıq formalar üzrə təsnif edilir (fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s.). Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı: müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın: tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir. Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində “erkən evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Və bu da vacib yenilikdir. Eləcə də, təqdim olunan yeni layihədə hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur. Yəni, uşağın bu azadlığı var. Ancaq bununla yanaşı, bütün bunlar qanunvericiliyə uyğun olmalı, uşaqların təhlükəsiziyi əsas götürülməlidir. Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur”.
Hicran Hüseynova bildirib ki, xüsusi ilə vacib məqam uşağın subyekt kimi tanınması və iştirakı məsələsidir: “Hazırkı qanunda uşaq əsasən hüquqi müdafiə obyekti kimi təqdim edilir. Yeni layihədə isə uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir. Bu yanaşma uşaq ədalət sistemi konsepsiyasına tam uyğundur. Mövcud qanunda “Dövlət nəzarəti ümumi qeyd olunur”, lakin təqdim olunan qanun layihəsində praktiki icra üçün real alətlər müəyyən edilir. Məlumat bankı, göstəricilər, monitorinq meyarları, Ombudsman üçün müstəqil mexanizm təsbit edilir. Beləliklə, bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Və uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradır. Bu qanun layihəsi 1-ci oxunuş üzrə komitə iclasında, müvafiq qurumlarının və vətəndaş cəmiyyətinin iştirak ilə keçirilmişdi. Çox ətraflı müzakirələr aparıldı. Həm dövlət qurumları, həm millət vəkilləri öz rəylərini verdilər".