BAKI, 2 iyul. TELEQRAF
Azərbaycan Ordusunun beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı NATO standartlarının mənimsənilməsinə, peşəkar kadrların hazırlanmasına və hərbi idarəetmənin təkmilləşdirilməsinə mühüm təsir göstərib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri, general-mayor Elman Səmədov “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı əməliyyatlara qoşulması yalnız beynəlxalq öhdəliklərin yerinə yetirilməsi deyil, həm də Silahlı Qüvvələrin inkişafı baxımından mühüm mərhələ olub:
“Bu proses çərçivəsində orduda NATO standartlarına uyğun hazırlıq sistemi formalaşdırılıb, şəxsi heyətin hazırlığı gücləndirilib, yeni silah və texnika ilə təminat yaxşılaşdırılıb, zabitlərin beynəlxalq qərargahlarda xidmət keçməsi üçün imkanlar yaradılıb”.
General-mayor vurğulayıb ki, sülhməramlı missiyalarda qazanılan təcrübə 44 günlük Vətən müharibəsi zamanı əməliyyatların planlaşdırılması, qoşunların qarşılıqlı fəaliyyəti və komandanlıq sisteminin təkmilləşdirilməsində də faydalı olub.
O əlavə edib ki, müasir təhlükəsizlik mühitində kibertəhlükələr, informasiya müharibəsi və pilotsuz uçuş aparatlarının tətbiqi kimi yeni çağırışlar meydana çıxır və Azərbaycan Ordusu bu istiqamətdə beynəlxalq təcrübəni öyrənməyə davam edir.