BAKI, 2 iyul. TELEQRAF

Azərbaycan sülhməramlı qüvvələrinin yaradılması ölkənin ən mürəkkəb dövrlərindən birinə təsadüf etsə də, dövlət beynəlxalq öhdəliklərini yerinə yetirərək bu istiqamətdə mühüm addımlar atıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi, polkovnik Abdulla Abdullayev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında bildirib.

Onun sözlərinə görə, Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulduqdan, 1996-cı ildə isə təqdimat sənədini Alyansa təqdim etdikdən sonra beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək öhdəliyini üzərinə götürüb:

“Torpaqların 20 faizinin işğal altında olduğu, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün yaşadığı mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan 1997-ci ildə sülhməramlı qüvvələrini formalaşdırıb”.