BAKI, 10 dekabr. TELEQRAF

Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondu”nun yenidən təşkil edilməsi və bununla bağlı hüquqi dəyişikliklərin aparılması barədə fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilir. Yeni qurum dövlətə məxsus kommersiya hüquqi şəxsi olacaq.

Yenidən təşkil olunan “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC publik hüquqi şəxsin hüquqi varisi olacaq, bütün hüquq və öhdəliklər, eləcə də əmlak yeni fondun balansına keçiriləcək.
– Fond qeyri-neft/qaz sektorunun inkişafı, sahibkarlığın maliyyələşməsi, investisiyaların təşviqi və dövlətin iqtisadi prioritetlərinə xidmət edən maliyyə mexanizmləri üzrə fəaliyyət göstərəcək.

ASC-yə 5 nəfərdən ibarət Müşahidə Şurası rəhbərlik edəcək.

İcra orqanı sədr və 4 müavindən ibarət İdarə Heyəti olacaq.

Fondun yenidən təşkili və ləğvi, nizamnamə və kapitalı ilə bağlı qərarları Prezident verəcək.

Fond dövlət qeydiyyatına alınana qədər publik qurum kimi fəaliyyətini davam etdirəcək.

Balansındakı dövlət əmlakı 1 ay ərzində yeni ASC-yə təhvil veriləcək.

Fondun investisiya qoyduğu hüquqi şəxslərə “Dövlət əmlakının qorunması haqqında” fərman müddəaları tətbiq olunmayacaq.

Nazirlər Kabineti 3 ay müddətində normativ aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq. İqtisadiyyat Nazirliyi ASC-nin qeydiyyatı və əmlakın təhvil-təslimi üçün tədbirlər görəcək. Nazirlik güzəştli maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanlarını araşdıracaq.