BAKI, 10 dekabr. TELEQRAF
Nazirlər Kabineti “Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən:
“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib.
Sistemin formalaşdırılması, idarə olunması, saxlanılması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə olunub.
Agentlik və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə olaraq sistemdə yaranan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin edəcək.
Sistem “Hökumət buludu” konsepsiyasına uyğun olaraq “G-cloud” mühitinə inteqrasiya ediləcək.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, dövlət informasiya sistemləri ilə bağlı əvvəlki normativ tələblərə uyğun tədbirlər görəcək.