BAKI, 2 dekabr. TELEQRAF
Ələt Azad İqtisadi Zonası ilə bağlı Prezident İlham Əliyevin 2025-ci il 25 noyabr tarixli 535 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti aidiyyəti qurumlara tapşırıqlar verib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə normativ hüquqi aktların dəyişiklik edilmiş fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmçinin, İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi, Ələt Azad İqtisadi Zonası səlahiyyətli qurumu, Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumlarla razılaşma əsasında zonanın genişləndirilməsi çərçivəsində göstərilmiş 1453,09 hektar torpaq sahəsinin səlahiyyətli quruma birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təklifləri eyni müddətdə hökumətə təqdim etməlidir.
Qərara görə, mərkəzi icra hakimiyyəti orqanları üç ay müddətində fərmanın icrası ilə bağlı normativ hüquqi aktları yeniləməli və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə çatdırmalıdırlar.
Ədliyyə Nazirliyi isə dörd ay müddətində bütün əlaqəli normativ aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.