
BAKI, 23 fevral. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfaan Əliyə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu il ölkələrimiz əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Ötən dövr ərzində Azərbaycan ilə Qayana arasında formalaşmış dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratmışdır. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".