
BAKI, 14 fevral. TELEQRAF
Prezident İlham Əliyev fevralın 14-də Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 iliyinin qeyd edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Mədəniyyət Nazirliyinə tapşırılıb. Nazirlər Kabineti sərəncamdan irəli gələn məslələri həll etməlidir.
Sərəncamda, həmçinin deyilir: "Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır".