BAKI, 18 fevral. TELEQRAF
Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt–Astara dəmir yolu xətti layihəsinin icrasına 2026-cı il aprelin 1-dən başlanılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev jurnalistlərə açıqlamasında qeyd edib.
Nazirin sözlərinə görə, layihənin icrasına mane olan bütün mübahisəli məsələlər tərəflər arasında tam şəkildə tənzimlənib.
“Şimal–Cənub” yalnız enerji deyil, həm də nəqliyyat dəhlizidir və Rəşt–Astara dəmir yolu xəttinin tikintisi bu layihənin əsas tərkib hissəsidir. Torpaq məsələlərinin rəsmiləşdirilməsi və güzəştlərin alınması da daxil olmaqla, əvvəllər mövcud olan bütün məsələləri demək olar ki, həll etmişik. Bu gün Rusiyada keçiriləcək nəqliyyat həftəsində – aprel 1-də layihənin icrasına başlanması ilə bağlı yekun saziş imzalanacaq”, – deyə Tsivilev qeyd edib.
Qeyd edək ki, 2023-cü ildə Rusiya və İran “Şimal–Cənub” layihəsi çərçivəsində İranla Azərbaycan arasında yerləşən 160 kilometrlik Rəşt–Astara dəmir yolu hissəsinin birgə tikintisi barədə saziş imzalayıb. Bu xətt Fars körfəzi limanlarına fasiləsiz nəqliyyat bağlantısını təmin edəcək. Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir və Moskva ilə Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək.