BAKI, 29 avqust. TELEQRAF
Bakı metrosu üçün bu il 30 vaqon, yəni 6 qatar istismara veriləcək. Bunlardan 20-si, yəni 4 qatar artıq "Xocəsən" deposundadır. Bunlardan ikisi sentyabrın 30-dan, digər 10 vaqondan ibarət olan 2 qatar isə noyabrda istismara veriləcək. Daha 10 vaqondan ibarət 2 qatar isə ilin sonuna kimi xəttə buraxılacaq.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
Onun sözlərinə görə, qeyd olunan yeni qatarlarla birlikdə ümumi qatar sayında artım olmayacaq, çünki Bakı Metropolitenində istismar müddətini başa vuran köhnə nəsil vaqonlar mərhələli şəkildə xətdən çıxarılır əvəzində sərnişinlərin rahatlığı üçün yeni nəsil qatarlarla əvəz ediləcək:
"Bu gün Bakı metrosunda 66 qatar hərəkət edir, qeyd edilən yeni qatarlarla birgə yeni nəsil qatarların sayı 36-ya çatacaq. Metropolitendə istifadə olunan hər bir vaqonun istismar müddəti 30-31 il təşkil edir. Bu müddət ərzində vaqonlara mütəmadi baxış, texniki qulluq və təmizlik işləri aparılır ki, onların saz vəziyyətdə olması təmin edilsin. İstismar müddətini başa vuran vaqonlar isə dərhal xətdən çıxarılır. Buna görə də yeni alınan qatarlar əvvəlcədən müasir tələblərə uyğun şəkildə sifariş edilir”.
Bəxtiyar Məmmədov əlavə edib ki, son 16 ildə ilk dəfə Bakı Metropolitenində qatarların hərəkət intervalı azaldılıb:
“Bu nəticə həm vaqon parkının gücləndirilməsi, həm də ehtiyat vaqonların artırılması ilə mümkün olub. Bu isə vaqon parkının və ehtiyat vaqonların daha da artırılmasını tələb edir. Sərnişinlərin hər bir halda daha rahat şəkildə daşınması üçün vaqonların saz vəziyyətdə olması çox vacibdir. Qarşıdakı dövrdə yeni qatarların sayı 36-ya çatdırıldıqdan sonra əsas xətlərdə – qırmızı və yaşıl xətlərdə hərəkət edən qatarlardan böyük əksəriyyəti sərnişinlərin “kondisionerli” adlandırdığı yeni nəsil qatarlar olacaq”. Bakı Metropoliteninin əsas xətləri hesab edilən qırmızı və yaşıl xətlərdə gün ərzində 40-46 qatar hərəkət edir".