BAKI, 8 mart. TELEQRAF

Dəmir yolları çox vaxt güc, sürət və irəliləyişin simvolu kimi görülür. Uzun illər boyunca bu sahə kişilərin dominant olduğu bir seqment sayılıb. Amma indi kameranın arxasında dayanan, çəkiliş meydanında çalışan, montaj otağında gecələrini keçirən qadınlar da var.

Teleqraf onlardan biri - "Azərbaycan Dəmir Yollarında" üç ildir çalışan və dəmir yollarının tarixini, yenidənqurma işlərini və insan hekayələrini lentə alan sənədli film rejissoru Günel İslamova ilə söhbəti təqdim edir.

Onun işi sadəcə çəkiliş aparmaq deyil, həm də bu infrastrukturun tarixini gələcək nəsillər üçün sənədləşdirməkdir.

"Bu işdə qadın-kişi fərqi yoxdur, əsas məsələ işə sevgi ilə yanaşmaqdır”

"Azərbaycan Dəmir Yolları"nda çalışan videoqraf işinin çətin, amma maraqlı tərəflərindən danışır. O, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı sənədli filmi hazırlayarkən Gürcüstanın sərt iqlimə malik Axalkalaki bölgəsində çəkiliş prosesini belə xatırlayır:

“Soyuq hava, keçmək bilməyən saatlar, mürəkkəb məkanlar… Amma nəticə hər şeyə dəyərdi. Çünki biz sadəcə bir layihə çəkmirik, bu, tarixə yazılacaq bir işdir,” – deyə vurğulayır.

Günel İslamova dəmir yolu sektorunda çalışanlara ictimai münasibətin də dəyişdiyini bildirir:

“İnsanlar çox vaxt bu sahədə qadınları görəndə təəccüblənirlər. Amma mən bu işi sevərək görürəm. Çətin olsa da, yorulmadan davam edirəm”

Montaj işlərindən danışanda isə xüsusilə detallara verdiyi önəmi vurğulayır:

“Qadınlar yaradıcı işlərində daha incə nüanslara diqqət yetirirlər. Gecə saatlarına qədər montaj otağında işlədiyim çox olub. Hətta bəzən səhərə qədər yatmadan videonu tamamlayıb təhvil vermişəm”.

"İşğaldan azad olunmuş ərazilərin çəkilişləri mənim üçün xüsusi əhəmiyyət kəsb edir”

Azərbaycan Dəmir Yollarının media qrupu işğaldan azad edilmiş ərazilərdə də çəkilişlər aparır. Bölgədə infrastrukturun yenidən qurulmasını izləmək və sənədləşdirmək onun üçün həm peşəkar, həm də şəxsi mənada dərin bir məna daşıyır.

“Bu sadəcə iş deyil, həm də tarix yazmaqdır. Biz çəkilişlərlə həmin yerlərin keçmişini və gələcəyini sənədləşdiririk. Hər kadrın, hər görüntünün gələcək nəsillər üçün önəmli olacağına inanıram”

Günel İslamova çəkilişlərin təhlükəli və ağır şərtlərdə baş tutduğunu deyir:

“İşğaldan azad olunmuş ərazilərdə çəkiliş aparmaq bəzən çətin olur. Qışda yollar buz bağlaylr, bəzi yerlərdə təhlükəsizlik baxımından da narahatlıqlar var. Amma bu, mənim üçün sıradan bir layihə deyil, böyük məsuliyyətdir”.

“Qadının toxunduğu hər iş daha mükəmməl olur”

Dəmir yolları sadəcə relslər, qatarlar və stansiyalardan ibarət deyil. Bu yolların arxasında fədakar insanlar, səssiz qəhrəmanlar dayanır. Onların arasında isə qadınlar xüsusi yer tutur. Tarixi sənədləşdirən, gecələr montaj otağında çalışan, sərt iqlimlərdə çəkilişlər aparan bu qadınlar sübut edir ki, güc sadəcə fiziki deyil, iradə və əzmlə də ölçülür.

Və onlar hər gün kameranın arxasında, montaj otaqlarında və mühəndis masalarında öz tarixlərini yazmağa davam edirlər...