BAKI, 20 fevral. TELEQRAF

"Bakı Metropoliteni" qarlı hava şəraitinə tam hazırdır. Stansiyaların qum, duz ehtiyatı ilə bağlı hazırlığı yerinə yetirilib və vəziyyət nəzarət altında saxlanılır.

Teleqraf xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

O bildirib ki, vacib məsələlərdən biri də alət və avadanlıqların hazır olmasıdır. Qurum qarın və buzun təmizlənməsinə cəlb ediləcək işçilər də müəyyənləşdirib.

"Depoda vəziyyət diqqətdə saxlanılır. Çünki qatarlar təkcə gecə deyil, gündüz də depoya daxil olur və ya da depodan xəttə verilir. Qatarları bir yoldan digərinə keçidini təmin edən yoldəyişdiriclər qardan və buzdan təmizlənməlidir. Buna görə depolarda qarla mübarizə qərargahları fəaliyyət göstərir. Cəlb olunacaq işçilər, onların hazırlığı davamlı yoxlanılır. Amma ən vacibi - qarı yoldəyişdiricilərdən təmizləyən üfürücü qurğuların hazırlığıdır. Bir sözlə, metroda qarla bağlı problem gözlənilmir", - deyə, Şaban İmkani qeyd edib.